Dünya çempionatlarında A və B qrupunun oyunları keçirilib

22 Noyabr, 11:00 Sosial mediada paylaşın:
Dünya çempionatının 2-ci günü A və B qruplarının görüşləri keçirilib. A qrupunda Seneqal və Niderland komandaları üz-üzə gəlib. Görüşün favoriti hesab olunan “narıncılar” fasilədən sonra rəqibin müqavimətini qırıblar. Seneqal millisinin “Çelsi”də çıxış edən qapıçısı Eduar Mendinin də inamsız oyunu Niderland futbolçularının uğur qazanmasına kömək edib. Əvvəlcə vaxtın bitməsinə 6 dəqiqə qalmış Kodi Qakpo nominal qonaqları önə çıxarıb. Sona yaxın isə Davi Klassen mübarizəyə nöqtə qoyub. Seneqal - Niderland 0:2. Xatırladaq ki, A qrupunda Qətər və Ekvador komandaları arasında keçirilən açılış matçında cənubi amerikalılar 2:0 hesabilə qalib gəlmişdilər. 
B qrupunda da ilk oyunlar olub. İngiltərə millisi indiyədək heç vaxt qarşılaşmadığı İran seçməsini böyük hesabla məğlubiyyətə uğradıb. Qaret Sautgeytin komandası artıq ilk hissədə rəqibi 3 dəfə cəzalandırıb. 35-ci dəqiqədə Cyud Bellinqem həm görüşdə, həm də İngiltərə yığmasının heyətində qol hesabını açıb. 19 yaşlı yarımmüdafiəçi Maykl Ouendən sonra mundiallarda qol vuran ingiltərəli ən gənc oyunçu kimi fərqlənib. Fasilə ərəfəsində Bukayo Saka və Rahim Sterlinq də İran millisinin qapısına yol tapıblar. 2-ci yarıda daha 5 qol qeydə alınıb. 62-ci dəqiqədə Bukayo Sakanın dublundan sonra İran yığması qollardan birinin əvəzini çıxıb. Mehdi Tareminin zərbəsi qarşısıalınmaz olub. Amma İngiltərə futbolçularının bu qola cavabı gecikməyib. 70-ci dəqiqədə meydana daxil olan Markus Reşford dərhal fərqlənib. Final fiti ərəfəsində qarşılıqlı hücumlar təşkil olunub. Vaxtın tamamında İngiltərə yığmasının kəskin əks-hücumunu Cek Qriliş qolla tamamlayıb. Görüşdə sonuncu qol 2-ci yarıya əlavə olunan 13-cü dəqiqədə vurulub. Mehdi Taremi penaltini dəqiq yerinə yetirərək dubl edib: İngiltərə - İran 6:2. 
B qrupunun digər görüşü 64 il sonra mundiala vəsiqə qazanan Uels seçməsi ilə Amerika Bieləşmiş Ştatları komandası araaında olub. Matça güclü hücumlarla başlayan amerikalılar 36-cı dəqiqədə istəklərinə çatıblar. “Qızıl topu” qazanan yeganə afrikalı futbolçu, liberiyalı Corc Veanın oğlu Timoti Vea komandasını önə çıxarıb. 1-ci hissə minimal hesabla başa çatıb. Fasilədən sonra oyunun məzmunu tamamilə dəyişib. Uels futbolçuları hücuma atılaraq rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaradıblar. Onları səyi 82-ci dəqiqədə bəhrəsini verib. Kapitan Qaret Beyl özünün qazandığı penaltidən yararlanıb. Qalan vaxtda hesab dəyişməyib: Amerika Birləşmiş Ştatları - Uels 1:1 

CANLI YAYIM