Qətərin Azərbaycandakı səfiri mundialla bağlı İdman TV-yə fikirlərini bölüşüb

21 Noyabr, 11:30 Sosial mediada paylaşın:
Qətərdə hamının böyük maraqla gözlədiyi dünya çempionatının startı verildi. Bir çox unikal xüsusiyyəti ilə seçilən 22-ci mundialın açılış matçının nəticəsi də tarixə düşdü. Dünya çempionatının 92 illik tarixi ərzində ilk dəfə yarışa ev sahibliyi edən ölkənin millisi startda uduzdu. Enner Valensiyanın dubl etdiyi görüşdə Ekvador seçməsi Qətər yığmasından  2:0 hesabilə üstün oldu. İlklərlə zəngin mundialdan bundan sonra da sürprizlər gözləməyə dəyər. Belə bir məqamda “İdman TV” Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Feysəl Bin Abdullah Əl-Hinzabın yarışla bağlı fikirlərini öyrənib: "Qətər hazırda planetin ən məşhur idman yarışına ev sahibliyi edir. Zənnimcə mundiala yalnız idman turniri kimi yanaşmaq düzgün olmazdı. Dünya çempionatı   müxtəlif millətlərin nümayəndələrini mədəniyyət mübabiləsinə təşviq edir.  İnsanları birliyə çağırır, sülhə səsləyir".
Qətərin ölkəmizdəki səfiri dünya çempionatının favoritləri barədə də fikirlərini bölüşüb: "Çox gərgin mübarizə gözləyirəm. Doğma Qətər millisindən əlavə ərəb dünyasını təmsil edən Tunis, Mərakeş və Səudiyyə Ərəbistanı seçmələrinin uğur qazanmasını istərdim. Favoritlərə gəlincə, Qətər mundialını Lionel Messinin sonuncu fürsəti kimi dəyərləndirsək, Argentina komandasının imkanlarını yüksək qiymətləndirirəm. Braziliya seçməsi də əsas favoritlərdəndir. İspaniya, Fransa millilərini unutmayaq. Qeyd etdiyim yığmaları yarımfinal cütlərində görəcəyimizi düşünürəm".
Xatırladaq ki, dünya çempionatına dekabrın 18-i Lusail şəhərinin eyniadlı stadionunda keçiriləcək final görüşü ilə yekun vurulacaq.

CANLI YAYIM