Qətərdə XXII dünya çempionatı start götürüb

21 Noyabr, 11:00 Sosial mediada paylaşın:
Futbol üzrə 22-ci Dünya çempionatının açılış mərasimi  “Əl Bayt” stadionunda təşkil olunub. Əvvəlcə Qətərin tarixi, adət-ənənələrini və mədəniyyətini özündə əks etdirən videoçarx yayımlanıb. “Məsafəni hiss et!” konsepsiyasında təşkil olunan mərasimdə ingiltərəli məşhur aktyor Morqan Friman bütün futbolsevərləri Qətərə dəvət edib, futbolun bütün xalqları birləşdirdiyini və gözəl atmosfer yaratdığını bildirib. Açılış zamanı ötən 21 dünya çempionatının himnlərindən ibarət xüsusi musiqi nömrəsi də təqdim olunub. Həmçinin ötən mundialların maskotları “Əl Bayt” stadionuna gətirilib. Sonda isə meydanda “Qətər-2022”nin talismanı - "La'eeb" nümayiş olunub. "La'eeb" super bacarıqlı oyunçu mənasını verir. Tədbirdə bir çox tanınmış xarici və qətərli müğənnilər öz ifaları ilə iştirak ediblər. Dünya Kubokunu stadiona Fransa millisinin əfsanəvi müdafiəçisi Marsel Desayi gətirib. Sonra isə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani dünya çempionatını açıq elan edib. Qeyd edək ki, İlk dəfə müsəlman ölkədə dünya çempionatının təşkil olunmasına 208 milyard avro xərclənib. Bu da 4 il əvvəl Rusiyada keçirolən mundialdan 17 dəfə çoxdur.  
Dünya çempionatını  açılış qarşılaşmasında turnirin ev sahibi Qətər millisi Ekvador seçməsi ilə üz-üzə gəlib. Görüşün favoriti olan cənubi amerikalılar elə ilk hissədə qarşılaşmanın taleyini həll ediblər. Matçın qəhrəmanı Enner Valensiya olub. Forvard 16-cı dəquqədə penaltidən hesabı açıb. 15 dəqiqədən sonra ekvadorlular 2-ci dəfə rəqib qapısına yol tapıblar. Bu dəfə də Enner Valensiya hədəfdən yayınmayıb. İlk hissə cənubi amerikalıların 2:0 hesablı üstünlüyü ilə bitib. Fasilədən sonra isə tərəflərin səylərinə baxmayaraq, oyunda başqa qol olmayıb. Beləliklə ekvador millisi dünya çempionatının açılış görüşündə 2:0 hesablı qələbə qazanıb.
 

CANLI YAYIM