"Anadolu Efes" qələbəsizlik seriyasına son qoyub

18 Noyabr, 15:33 Sosial mediada paylaşın:
Basketbol üzrə Avroliqada 8-ci turun oyunları start götürüb. Son 3 görüşündə məğlub olan turnirin hazırkı qalibi “Anadolu Efes” nəhayət ki, azarkeşlərini qələbə ilə sevindirə bilib. Çempionatın liderlərindən olan “Barselona” ilə görüşün ilk bölümündə təşəbbüsü əldən versə də, istanbullular fasiləyə qədər vəziyyəti xeyrinə dəyişə bilib. İkinci hissə də “Efes”in üstünlüyü şəraitində keçib. Komandanın qələbə qazanmasında 24 xal toplayan Uill Klaybernlə 22 xal yığan Vasilie Mitsiç böyük pay sahibi olub.  Nikolas Lapravittola 28 xalla  oyunun ən məhsuldar oyuçusu olsa da, bu “Barselona”nın işinə yaramayıb: “Anadolu Efes” – “Barselona” 96:86.
“Barselona”dan fərqli İspaniyanın digər nəhəng komandası “Real Madrid” isə turu qələbə ilə başa vurub. İspaniya çempionu doğma divarlar arasında “Alba Berlin” klubunun müqavimətini elə ilk hissədə qırmağı bacarıb. Fasiədən sonra oyuna nəzarəti əlində saxlayan madridlilər 19 xal toplayan fransalı basketbolçusu Vensan Puaryenin məhsuldarlığı sayəsində üstünlüyünü qoruya bilib: “Real Madrid” – “Alba Berlin” 90:72.
“Fənərbağça” ilə birgə müntəzəm çempionatın liderlərindən olan “Olimpiakos” Münhendən qələbə ilə qayıdıb. İlk hissədə nisbi üstünlük əldə edən pireylilər fasilədən sonra rəqibinə göz açmağa imkan verməyib. Xüsusən də 20 xal və 13 ribaundla yadda qalan komandanın bolqarıstanlı forvardı Aleksandr Vezenkov fəallığı ilə seçilib: Bavariya – Olimpiakos 71:82. Günün digər oyununda “Srvena Zvezda” doğma meydanda ASVEL-i 71:67 hesabı ilə məğlub edib.   Bolonyada “Valensiya”nı qəbul edən “Virtus” da meydanı 89:59 hesablı qələbə ilə tərk edib.

CANLI YAYIM