Rassell karyerasında, "Mersedes" isə bu mövsüm ilk dəfə qalib oldu

14 Noyabr, 17:16 Sosial mediada paylaşın:
Formula 1 üzrə mövsümün 21-ci Qran-prisi geridə qalıb. Braziliyanın San Paulu şəhərində keçirilən yarışda azarkeşlər maraqlı mübarizənin şahidi olub. 50 dövrəni 1 saat 38 dəqiqə 34 saniyə qət edən “Mersedes” pilotu Corc Rassell 81-ci Qran-prisində finiş xəttini birinci keçib. Bu, 24 yaşlı pilotun karyerasında ilk qələbəsidir. Bununla da britaniyalı pilot Formula 1 yarışının qalibi olan 113-cü pilot kimi tarixə düşüb. Bununla yanaşı, “Mersedes” də cari mövsüm ilk qələbəsini əldə edib. Yeri gəlmişkən, ikinci pilləyə də “Mersedes” pilotu sahib çıxıb. 7 qat dünya çempionu Lüis Hemilton komanda yoldaşından 1,5 saniyə geridə qalıb. Rasselldən 4 saniyə geri düşən “Ferrari” pilotu Karlos Sayns Qran-prini 3-cü sırada başa vurub.  Yeri gəlmişkən, yarışın sonlarında “Red Bull” pilotları arasında insident yaşanıb. Mübarizəni 6-cı sırada başa vuran Masks Ferstappen Serxio Peresi önə buraxmamaqla komanda yoldaşının narazılığına səbəb olub. Bununla Maks Monako Qran-prisində ona mane olmaq üçün biərəkdən qəza vəziyyəti yaradan meksikalı pilota cavabını verib. Yarışdan sonra Ferstappen bunu öz prinsipi kimi izah edib və artıq Pereslə anlaşdığını söyləyib. O, növbəti Qran-pridə Serxioya kömək etməyə hazır olduğunu da bildirib.
Əslində 7-ci yeri tutan Serxio Peres yarışı daha ön sıralarda başa vursaydı, 2-ci yerdə qərarlaşan “Ferrari” pilotu Şarl Lekleri geridə qoyacaqdı. Hazırda hər iki pilot 290 xal toplayıb. Artıq çempionluğu rəsmiləşdirən Maks Ferstappenin isə aktivində 429 xalı var. Elə Mühəndslər Kubokunun qalibi olan “Red Bull”da 719 xalla rəqibləri üçün əlçatmazdır. Avstriya komandasından 195 xal az toplayan “Ferrari” ikinci, “Mersedes” 505 xalla 3-cü sıradadır.  Mövsümün son yarışı həftəsonu Əbu-Dabidə keçiriləcək.

CANLI YAYIM