"Miluoki" çempionatda məğlub olmayan yeganə komandadır

3 Noyabr, 14:13 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasında müntəzəm çempionatın oyunları davam edir. Çempionatın yeganə məğlubedilməz komandası olan “Miluoki Bəks” ardıcıl 7-ci qələbəsini qazanıb. “Detroyt Pistons”u qəbul edən viskonsinlilər artıq ilk hissədə rəqibi üzərində böyük üstünlük əldə edib. Fasilədən sonra da oyuna nəzarəti əlində saxlayan “Bəks” 25 xal fərqilə qalib gəlib. Xüsusən də, 32 xal və 12 ribaundla yadda qalan “Miluoki”nin lideri Yannis Adetokumbo qələbədə böyük pay sahibi olub: Miluoki – Detroyt 116:91.
Bu mövsüm imkanlarından aşağı səviyyədə çıxış edən “Filadelfiya Seventi Siksers” 5-ci məğlubiyyəti ilə üzləşib. Doğma divarlar arasında “Vaşinqton”la qarşılaşan Dok Riversin komandası ilk hissədə rəqibinin ciddi təzyiqi ilə üzləşsə də, 3-cü bölümdə vəziyyəti xeyrinə dəyişə bilib. Amma qarşılaşmanın son bölümündə inamsız təsir bağışlayan “Filadelfiya” meydanı məyus tərk edib: Filadelfiya – Vaşinqton 111:121.
Günün ən maraqla gözlənilən oyunlarından biri Dallasda keçirilib. “Yuta Cazz”la görüşdə şəhərin eyniadlı komandası 33 xal və 11 ötürmə ilə yadda qalan Luka Donçiçin məhsuldarlığı sayəsində 103:100 hesabı ilə qalib gəlib. Daha bir intriqalı oyunda “Klivlend Kavalyers” overtaymda “Boston Seltiks”i 114:113 hesabı ilə məğlub edib.

CANLI YAYIM