Stiv Neşin istefası da "Bruklin"ə fayda vermədi

2 Noyabr, 17:21 Sosial mediada paylaşın:
MBA-da müntəzəm çempionatın oyunları davam edir.  Yeni mövsüm inamsız başlayan “Bruklin Nets” baş məşqçisi Stiv Neşin istefaya göndərilməsinə baxmayaraq yenə məğlub olub. “Çikaqo”nu qəbul edən Bruklin basketbolçuları ilk hissəni 6 xal öndə başa vurublar. Fasilədən sonra təzyiqi artıran “Bullz” vəziyyəti öz xeyrinə dəyişə bilib. “Bruklin”in heyətində 32 xal və 9 ribaundla yadda qalan Kevin Dürantın əziyyəti isə heç bir bəhrə verməyib: Bruklin – Çikaqo 99:108.
Çempion “Qolden Steyt Uorriors”un da işləri qaydasında getmir. “Mayami”nin qonağı olan Stiv Kerrin komandası ilk bölümdə çətin vəziyyətə düşsə də, fasiləyə qədər özünə gəlib. Hətta 3-cü periodda da “Uorriors” inamlı təsir bağışlayıb. Amma son hissədə imkanlarından aşağı səviyyədə çıxış edən “Qolden Steyt” 109:116 hesabı ilə məğlub olaraq ardıcıl 3-cü qarşılaşmada uğursuzluq yaşayıb. Maraqlıdır ki, “Qolden Steyt”in son qələbəsi oktyabrın 28-də doğma meydanda elə “Mayami”ylə görüşdə qeydə alınmışdı.  Yeri gəlmişkən, bu oyunda 23 xal, 13 ribaund və 13 məhsuldar ötürmə ilə diqqət çəkən “Uorriors”un lideri Stef Körri karyerasında 10-cu dəfə tripl-dabl edib.
“Oklahoma Siti” – “Orlando Məcik” oyununda da oxşar məzmun qeydə alınıb. İlk 3 bölüm bərabər mübarizə şəraitində keçsə də son 12 dəqiqəlik hissədə meydan sahibləri məhsuldar oyunun bəhrəsini görüb. Oklahoma Siti – Orlando 116:108. Qarşılaşmanın ən məhsuldar basketbolçusu “Tander”in müdafiəçisi Şey Gilces-Aleksander olub. 24 yaşlı basketbolçu meydanı 34 xal və 6 məhsuldar ötürmə ilə tərk edib.

CANLI YAYIM