Serxio Peres Sinqapur Qran-prisinin qalibi olub

3 Oktyabr, 16:53 Sosial mediada paylaşın:
Formula 1  üzrə Sinqapur Qran-prisi geridə qalıb.
“Marina Bey” avtodromunda keçirilən mövsümün 17-ci yarışı maraqlı mübarizə şəraitində keçib. Ardıcıl 5 Qran-prinin qalibi olan “Red Bull” pilotu Maks Ferstappen təsnifat mərhələsində olduğu kimi, həlledici yarışda da səhvlərə yol verib. Nəticədə dünya çempionu 7-ci yeri tutub. Buna baxmayaraq, yarışı yenə də “Red Bull” pilotu qalib başa vurub. Bu mövsüm yalnız Monako Qran-prisində uğur qazanan Serxio Peres Sinqapurda da uğur qazanıb. Meksikalı pilot 61 dövrəni 2 saat 2 dəqiqə 15 saniyəyə qət edərək finiş xəttini birinci keçib. Ondan 7 saniyə geri qalan “Ferrari” sürücüsü Şarl Lekler yarışı ikinci sırada başa vurub. Leklerin komanda yoldaşı Karlos Sayns isə 3-cü olub. O, liderdən 15 saniyə geri qalıb. Yeri gəlmişkən, Qran-pri rekordla da əlamətdar olub. Qran-prini sona qədər tamamlaya bilməsə də, “Alpin” pilotu Fernando Alonso karyerasında 350-ci yarışını keçirərək bu göstəricidə Kimi Raykkoneni geridə qoyub və Formula 1-də bu göstəricidə yeni rekord müəyyənləşdirib.
Şəxsi birinciliyə gəlincə, Maks Ferstappen 341 xalla liderliyini qoruyur. Ondan 104 xal geri qalan Şarl Lekler ikinci, 235 xal yığan Serxio Peres üçüncüdür. Mühəndislər Kubokuna da 576 xalla “Red Bull” başçılıq edir. “Ferrari” 439 xalla ikinci yerdə qərarlaşıb.  3-cü pilləni tutan “Mersedes”in 373 xalı var.

CANLI YAYIM