Fransa millisi qrupda ilk qələbəsini qazanıb

23 Sentyabr, 13:01 Sosial mediada paylaşın:
UEFA Millətlər Liqasının A divizionunda da bir-birindən maraqlı görüşlər keçirilib. 1-ci qrupda yarışan son dünya çempionu Fransa millisi “Stat de Frans”da Avstriya kollektivi ilə görüşüb. Gözlənildiyi kimi qarşılaşmada üstün tərəf Fransa futbolçuları olub. Lakin komandanın ilk hissədə rəqib qapısı önündə yaratdığı təhlükəli cəhdlər nəticəsiz qalıb. Hesab ikinci hissədə açılıb. 56-cı dəqiqədə Oliviye Jirunun ötürməsini Kilian Mbappe qolla tamamlayıb. 9 dəqiqə sonra Jiru özü fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb. Avstriya millisi məğlubiyyətdən yaxa qurtarmağa cəhd göstərsə də, istəyinə çata bilməyib. Fransa – Avstriya 2:0. Beləliklə, qrupda keçirdiyi 5-ci matçında Didye Deşamın yetirmələri ilk qələbəsini qazanıb.
Birinci qrupun paralel keçirilən digər qarşılaşmasında isə Xorvatiya seçməsi Danimarka yığması ilə üz-üzə gəlib. Bu görüşdə də azarkeşlər ikinci hissədə qol görüblər. 49-cu dəqiqədə Borna Sosa fərqlənərək meydan sahiblərini hesabda irəli çıxarıb. Qoldan sonra irəli atılan danimarkalılar 77-ci dəqiqədə bərabərlik yaratmağı bacarıblar. Kristian Eriksen qonaq komandanın azarkeşlərini sevindirib. Lakin Danimarka millisinin sevinci cəmi 2 dəqiqə çəkib. Lovro Mayer 3 xalı qazandıracaq qolun müəllifi olub: Xorvatiya – Danimarka 2:1. 5 turdan 10 xal toplayan Xorvatiya seçməsi liderdir. Ondan 1 xal geri qalan Danimarka 2-ci pillədə qərarlaşıb. Aktivində 5 xalı olan Fransa kollektivi qrupda 3-cü yerdədir. Avstriya millisi isə 4 xalla sonuncudur.

CANLI YAYIM