Bu gün millimiz səfərdə Slovakiya millisi ilə qarşılaşacaq

22 Sentyabr, 11:00 Sosial mediada paylaşın:
UEFA Millətlər Liqasında C divizionunun 3-cü qrupunda mübarizə aparan futbolçularımız bu gün 5-ci matça çıxacaqlar. Komandamız səfərdə Slovakiya yığması ilə üz-üzə gələcək. Hər 2 seçmənin heyətində 1 vacib futbolçu meydana çıxa bilməyəcək. Slovakiya kollektivindən Yuray Kutska, millimizdə isə Mahir Emreli cəzalı olduğuna görə oynamayacaq. Bakıda rəqibinə minimal hesabla uduzan seçməmiz hazırda 4 xalla 3-cüdür. Slovakiyalılar isə 6 xalla 2-ci yerdədilər. Bu, görüşün prinsipiallığını artıran əsas amillərdəndir. Trnavada keçiriləcək qarşılaşmadan əvvəl baş məşqçilər mətbuat konfransında fikirlərini bölüşüblər. Millimizə rəhbərlik edən Canni De Byazi komandada ab-havanın yaxşı olduğunu vurğulayıb. O, Qara Qarayevin seçməyə çağırılmamasından da danışıb: “Qara Qarayevin milliyə çağırılmaması çox müzakirə edilir. O, nəyə görə bizimlə olmadığını çox gözəl bilir. Bilmədiyini deyə bilər, lakin mən bildiyindən əminəm.  Görüşə isə tam hazırıq. Hesab edirəm ki, arxada qalan 4 qarşılaşmada qazanılan 4 xal göstərdiyimiz oyunu tam əks etdirmir. Slovakiya yığmasına qarşı matçda hər şey özümüzdən asılıdır. Rəqibdən çəkinməməliyik. Onlara necə çətinlik yaradacağımızı bilirik. Uğurlu nəticə qazanacağımıza inanıram”.
Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona isə həmvətəni Canni De Byazinin fəaliyyətini yüksək qiymətləndirib: “Azərbaycan seçməsinin oyununda Canni De Byazinin dəst-xəttini görmək mümkündür. İlk görüşdə taktiki cəhətdən işimizi çətinləşdirməyə çalışdılar. Öz meydanımızda tələsməməliyik. Səbrli olsaq, oyun planımıza lazımınca icra edəcəyik. Lakin bu, o demək deyil ki, biz yalnız rəqibin səhvini gözləyəcəik. Xeyr. Futbolçuların cəsarətinə inanıram. Onların verilən tapşırığı lazımınca yerinə yetirib məqsədə çatacaqlarından əminəm”
Trnava arenada keçirilən Slovakiya – Azərbaycan oyunu Bakı vaxtilə saat 22:45-də başlanacaq. Görüşü Vilyam Kollamın başçılığı altında şotlandiyalı hakimlər briqadası idarə edəcək.

CANLI YAYIM