"Qarabağ" "Zirə"ni darmadağın edib

19 Sentyabr, 13:00 Sosial mediada paylaşın:
Azərbaycan çempionatının 7-ci turunda Kəpəz ilk qələbəsini qazanıb. Gəncə klubu Şamaxını məğlub edib. Hərçənd ki hesabı 5-ci dəqiqədə Şamaxının üzvü Nihad Quliyev açıb. Amma 2-ci hissədə “Kəpəz” futbolçuları 2 qol vuraraq qalib gəliblər. Əvvəlcə Ahmed Ayzaya tarazlığı bərpa edib. Abdullahi Şuaybu isə yekun nəticəni müəyyənləşdirib: “Kəpəz” – “Şamaxı” 2:1. Beləliklə ardıcıl 6 məğlubiyyətdən sonra Gəncə təmsilçisi qələbə qazanıb.
Ardıcıl 6-cı oyununda da qalib gələrək maksimum nəticə əldə edən “Qarabağ” isə mövsümün ən böyükhesablı qalibiiyətinə nail olub. Komanda “Zirə”ni darmadağın edib. Hərçənd ki, hesabı “Zirə”nin üzvü Coşqun Diniyev açıb. “Qarabağ” futbolçuları rəqibi qol vurmağa peşman ediblər. Fasilə ərəfəsində Toral Bayramov tarazlığı bərpa edib. 2-ci hissədə isə Ağdam klubu 6 cavabsız top vurub. Görüşün qəhərmanı rəqib qapısına 4 dəfə yol tapan Musa Qurbanlı olub. O, 56-cı dəqiqədə komandasını hesabda önə keçirib. 1 saatın tamamında Musa hesabı 3:1 edib. 64-cü dəqiqədə Kadi Borges hedefdən yayınmayıb. 4 dəqiqədən sonra Ramil Şeydayev də rəqib qapıçını məyus edib. Qalan vaxtda isə Musa Qurbanlı daha 2 qol vuraraq poker edib. Beləliklə 7:1 hesabı ilə qalib gələn “Qarabağ” keçirdiyi 6-cı görüşündə də xal itirməyib. Komanda hazırda maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir. “Neftçi” də “Qarabağ”la eyni sayda – 18 xal toplasa da, paytaxt klubu rəqibindən 1 oyun artıq keçirib. Qeyd edək ki, növbəti turda məhz elə bu iki komanda üz-üzə gələcək.

CANLI YAYIM