Avropa çempionatında yarımfinalçılar müəyyənləşib

15 Sentyabr, 17:24 Sosial mediada paylaşın:
Basketbol üzrə Avropa çempionatının yarımfinalçıları müəyyənləşib.
¼ finalın 2-ci oyun günündə azarkeşlər maraqlı mübarizə izləyiblər. Əvvəlcə Fransa ilə İtaliya milliləri üz-üzə gəlib.  Əsas vaxtı 77:77 hesabıyla başa çatan oyunun overtaymında daha inamlı təsir bağışlayan Fransa millisi yarımfinala vəsiqə qazanıb. Maraqlıdır ki, oyunun sonuna 16 saniyə qalmış  İtaliya yığması 2 xal fərqi ilə öndə olsa da, komandanın üzvü Simone Fontekkio iki sərbəst atışdan yararlana bilməyib. Bundan istifadə edən Fransa komandasının üzvü Evan Furnye 2 xallıq uğurlu cəhdlə komandasının qələbə ümidlərini qoruyub. Beləliklə qalib overtaymda müəyyənləşib. 20 xal toplayan Tomas Ertel və 19 xal 13 ribaundla yadda qalan Rudi Qober Fransa seçməsinin uğurunda böyük rol oynayıblar: Fransa – İtaliya 93:85.
2017-ci ildə tarixində ilk dəfə Avropa çempionu olan Sloveniya millisinin isə titulunu qoruya bilməyəcəyi dəqiqləşib. “Dallas Məveriks”in ulduzu Luka Donçiçin 14 xal topladığı matçda sloveniyalılar Polşa komandası ilə bacarmayıblar. Görüşün sonuna yaxın fəallaşan polyaklar qələbəyə seviniblər Sloveniya – Polşa 87:90. Oyunun qəhrəmanı Polşa millisinin üzvü Mateuş Ponitka olub.  29 yaşlı forvard 26 xal, 16 ribaund və 10 məhsuldar ötürmə ilə tripl-dabl edərək Polşa millisini 51 ildən sonra yarımfinala çıxarıb.. Yarımfinal mərhələsi sabah  keçiriləcək. Polşa ilə Fransa, Almaniya ilə İspaniya milliləri üz-üzə gələcək.

CANLI YAYIM