"Trabzonspor" və "Beşiktaş" məğlub oldu

13 Sentyabr, 14:22 Sosial mediada paylaşın:
Türkiyə Super Liqasında 6-cı tura yekun vurulub. Günün ilk matçı İstanbul şəhərində keçirilib. Şəhərin iki təmsilçisi – “Beşiktaş” və “Başakşəhər” komandaları “Vodafon Park” stadionunda üz-üzə gəliblər. İlk dəqiqələrdə “qara qartal” hesabı açmağa çalışsa da səyləri nəticəsiz qalıb. Komanda bir neçə epizodda real qol vəziyyətini dəyərləndirə bilməyib. “Başakşəhər” müdafiəçilərinin inamlı oyunu da “Beşiktaş”ın irəli keçməsinə mane olub. Fasilədən sonra hesab açılıb. 71-ci dəqiqədə Bertran Traore yaxın küncü dəqiq nişan alıb. Son dəqiqələrdə “Beşiktaş”ın baş məşqçisi Valerien İsmael ardıcıl 2 sarı vərəqə ilə cəzalanaraq meydandan kənarlaşdırılıb. “Beşiktaş” – “Başakşəhər” 0:1.
Adanada keçirilən son qarşılaşmada isə yerli “Dəmirspor” çempion “Trabzonspor”la üz-üzə gəlib. İlk dəqiqələrdən irəli atılan Adana klubu 10-cu dəqiqədə rəqibi məyus edib. Kevin Rodrigeş uzaqdan qüvvətli zərbə ilə topu qapıya vurub. Çox keçmədən bərabərlik təmin olunub. Anastasios Bakasetas penaltini dəqiq yerinə yetirib. 55-ci dəqiqədə əks hücumda yaxalanan “Trabzonspor” yenidən hesabda geri düşüb. Bado Ndiaye yerli azarkeşləri coşdurub. 84-cü dəqiqədə “qara dəniz fırtınası” yenidən tarazlıq yaradıb. Umut Bozok komandasını ümidləndirib. Lakin son dəqiqələrdə Samet Akaydının vurduğu qol komandasına 3 xal qazandırıb. “Adana Demirspor” – “Trabzonspor” - 3:2. Beləliklə, 13 xalı olan “Adana Demirspor” “Başakşehir”, “Beşiktaş” və “Qalatasaray”la birgə 2-5-ci pillələri bölüşür. “Trabzonspor” isə 10 xalla 8-cidir.

CANLI YAYIM