Avropa çempionatında qrup mərhələsi başa çatıb

9 Sentyabr, 16:05 Sosial mediada paylaşın:
Basketbol üzrə Avropa çempionatının qrup mərhələsinin oyunları başa çatıb. C qrupunun lideri Yunanıstan millisi Yannis Adetokumbonun 25 xal topladığı oyunda Estoniya yığmasını məğlub edərək ardıcıl 5-ci qələbəsini qazanıb: Yunanıstan-  Estoniya  90-69.
Xorvatiya seçməsi isə Ukrayna komandasından 90:85 hesabıyla üstün olub. Oyunun ən məhsuldar oyunçusu 27 xal və 7 ribaundla yadda qalan xorvatiyalı Boyan Boqdanoviç olub.
İtaliya basketbolçuları Böyük Britaniya millisini 90:56 hesabıyla darmadağın edib. Keçirdiyi bütün görüşlərdə qalib gələn Yunanıstan millisi C qrupunu lider başa vurub. Hərəyə 8 xal toplayan Ukrayna, Xorvatiya və İtaliya yığmaları da pley-offa yüksəliblər.
D qrupunda məğlubiyyətsiz irəliləyən Serbiya millisi Polşa komandasına 96:69 hesabıyla  qalib gəlib.
Turun ən dramatik oyunu Çexiya ilə İsrail yığmaları arasında keçirilib. Çempionata ardıcıl 2 məğlubiyyətlə başlamasına baxmayaraq toparlanan çexlər israilliləri 88:77 hesabıyla məğlub ediblər. Beləliklə də İsrail seçməsi turnirdə mübarizəni dayandırıbsa, Çexiya basketbolçuları pley-offa vəsiqə qazanıb.
Finlandiya - Niderland millilərinin qarşılaşmasında Skandinaviya təmsilçisinin 88:67 hesablı qələbəsi qeydə alınıb. D qrupunda
10 xal toplayan Serbiya ilk pillənin sahibi kimi pley-offa  adlayıb. Hərəyə 8 xal toplayan Finlandiya ilə Polşa, 7 xalı olan Çexiya yığmaları da mübarizəni 1/8 finalda davam etdirəcəklər.  Sentyabrın 10-11-də keçiriləcək 1/8 finalda azarkeşlər Almaniya – Monteneqro, Yunanıstan – Çexiya, İspaniya – Litva, Finlandiya – Xorvatiya, Sloveniya – Belçika, Ukrayna – Polşa, Türkiyə - Fransa və Serbiya – İtaliya görüşlərini izləyəcək.

CANLI YAYIM