Maks Ferstappen Niderland Qran-prisinin qalibi olub

5 Sentyabr, 17:13 Sosial mediada paylaşın:
Formula 1 üzrə dünya çempionatında 15-ci mərhələ arxada qalıb.
Niderlandın Zandvort trassında keçirilən final maraqlı mübarizə şəraitində keçib.  Təsnifatda uğur qazanan “Red Bull” pilotu Maks Ferstappen yarışa yaxşı başlasa da, tədricən Lüis Hemilton üstünlüyü ələ alıb. Amma sona 11 dövrə qalmış təhlükəsizlik maşınının trassa daxil olması “Mersedes” sürücüsünün planlarını pozub.  Hemiltonun pit-stopa daxil olmaması vəziyyəti dəyişib. Yenidən təşəbbüsə yiyələnən Maks Ferstappen 1 saat 36 dəqiqə 42 saniyə nəticəylə karyerasında ilk dəfə ardıcıl 4-cü yarışın qalibi olub. Bu həmçinin Maksın bu mövsüm 10-cu, karyerasının isə 30-cu qələbəsi kimi yadda qalıb. Ferstappendən 4 saniyə geri qalan “Mersedes” pilotu Corc Rassell 2-ci olub. “Ferrari”ni təmsil edən Şarl Lekler isə 3-cü yerlə kifayətlənib. Bu mövsüm ən yaxşı yarışlarından birini keçirən 7 qat dünya çempionu Lüis Hemilton isə final mərhələsini 4-cü sırada tamamlayıb.
Çempionatın liderlərinə gəlincə, şəxsi birinciliyə 310 xalla Maks Ferstappen başçılıq edir. Ondan 109 xal az toplayan “Ferrari” pilotu Şarl Leklerlə “Red Bull” sürücüsü Serxio Peres 2-ci, 3-cü pillələri bölüşür. Mühəndislər Kubokunda isə 511 xalla “Red Bull” liderliyini möhkəmlədib.  “Ferrari” 376 xalla 2-ci, “Mersedes” 346 xalla 3-cüdür. Mövsümün 16-cı yarışı həftəsonu İtaliyanın Montsa şəhərində keçiriləcək.     

CANLI YAYIM