"Fənərbağça" inamlı qələbə sayəsində 3 xal qazandı

16 Avqust, 17:24 Sosial mediada paylaşın:
Türkiyə çempionatında 2-ci turun oyunları keçirilib.
Superliqanın favoritlərdən sayılan “Fənərbağça” səfərdə “Kasımpaşa”nın qonağı olub. Sarı-lacivərtlər artıq 8-ci dəqiqədə Coşua Kinqin vurduğu qol sayəsində önə çıxıb. 16-cı dəqiqədə meydan sahiblərindən Emre Yeşilyurt qırmızı vərəqəylə cəzalanaraq komandasını daha da çətin vəziyyətə salıb. Qonaqlar bundan lazımınca yararlanaraq 33-cü dəqiqədə Valensiya, hissənin sonuna yaxın Emre Morun vurduğu qolla fərqi 3 topa çatdırıblar. Qarşılaşmanın ikinci hissəsi də “Fənərbağça”nın üstünlüyü şəraitində keçib. 58-ci dəqiqədə Valensiya özünün ikinci, komandasının isə 4-cü qolunun müəllifi olub.  Dayanmaq bilməyən qonaqlar matçın sonuna yaxın daha iki dəfə rəqibi mərkəzə dəvət ediblər. Klubun gənc ulduzu Arda Gülər dubl etməklə yekun nəticəni müəyyənləşdirib: “Kasımpaşa” – “Fənərbağça” 0:6
2-ci turun “Konyaspor” – “Başakşehir” matçında qolsuz heç-heçə qeydə alınıb. Turnir cədvəlinə hərəyə 6 xal toplayan “Adana Demirspor” və “Trabzonspor” başçılıq edir.

CANLI YAYIM