"Yuventus" və "Napoli"nin yeni transferlərindən uğurlu start

16 Avqust, 16:19 Sosial mediada paylaşın:
İtaliya A seriyasında yeni mövsümün ilk turu yekunlaşıb. “Yuventus” Turində “Sassuolo”nu qəbul edib. 26-cı dəqiqədə hesab açılıb. “Qoca sinyora”nın yeni transferi Anxel Di Mariya İtaliya klubunun heyətində ilk qolunu vurub. Fasiləyə kimi fərq artıb. Meydan sahiblərinin heyətində Duşan Vlaxoviç qazandığı penaltidən yararlanıb. İlk hissə “Yuventus”un 2:0 hesablı üstünlüyü ilə başa çatıb. Fasilədən sonra Anxel Di Mariyanın ötürməsindən sonra Duşan Vlaxoviç topu qapıya vuraraq dubl müəllifi olub. Bu matçda sonuncu qol kimi yadda qalıb: “Yuventus” – “Sassuolo” 3:0.
“Napoli” isə ilk turda səfərdə “Verona” ilə üz-üzə gəlib. Qarşılaşma məhsuldarlığı ilə diqqət çəkib. 29-cu dəqiqədə Kevin Lazanya meydan sahiblərini önə çıxarsa da, Luçano Spalettinin komandası fasiləyə kimi vəziyyəti xeyrinə dəyişib. Əvvəlcə yeni transfer Xviça Kvaratsxeliya hesabı bərabərləşdirib. 1-ci hissənin sonuna saniyələr qalmış Viktor Osimhen “Napoli”nin 2-ci qolunu vurub. Fasilədən sonra daha 4 qol qeydə alınıb. 48-ci dəqiqədə “Verona”nın heyətində Toma Anri hesabı bərabərləşdirsə də, meydan sahibləri daha artığına nail ola bilməyiblər. 55-ci dəqiqədə İtaliyada qol hesabını açan Kvaratsxeliyanın ötürməsindən sonra Pyotr Zelinski vəziyyəti növbəti dəfə neapolluların xeyrinə dəyişib. Stanislav Lobotka 65, Mateo Politano isə 79-cu dəqiqədə rəqibi yenidən məyus edib. Beləliklə “Napoli” ilk turda səfərdə “Verona”nı 5:2 hesabilə məğlubiyyətə uğradıb.

CANLI YAYIM