London derbisində futbolçular arasında "sülh", məşqçilər arasında münaqişə

15 Avqust, 13:57 Sosial mediada paylaşın:
İngiltərə Premyer Liqasında 2-ci turun oyunları sona yaxınlaşır. Turun mərkəzi görüşündə “Çelsi” “Stemford Bric”də “Tottenhem”i qəbul edib.  Görüşə fəal başlayan meydan sahibləri artıq 19-cu dəqiqədə hesabı açıb. Künc zərbəsindən qaldırılan topu Kalidu Kulibali qüvvətli zərbə ilə qapıdan kecirib.  Fasilədən sonra azarkeşlər daha maraqlı mübarizənin şahidi olub.  Əks-hücumlarda təhlükəli qol vəziyyətləri yaradan, amma bu imkanları qola çevirə bilməyən “Tottenhem” futbolçuları 68-ci dəqiqə istəyinə çatıb. Pyer-Emil Höyberqin cərimə meydançasından kənardan endirdiyi sərrast zərbə ilə hesab bərabərləşib. Yeri gəlmişkən, bu epizoddan sonra “Tottenhem”in baş məşqçisi Antonio Konte qol sevincini qeyd edərkən “Çelsi”dəki həmkarı Tomas Tuxellə münaqişə yaşayıb. Bununla kifayətlənməyən hər iki məşqçi oyundan sonra yenə də münasibətlərinə aydınlıq gətirməyə çalışıb. Nəticədə hakim hər iki mütəxəssisə qırmızı vərəqə göstərib. 
Qapısında gördüyü qoldan sonra ruhdan düşməyən “zadəganlar” təzyiqi artıraraq 77-ci dəqiqədə Ris Ceymslə yenidən hesabda önə keçib. Amma 90 dəqiqə ərzində inadkar oyunu ilə diqqət çəkən “Tottenhem” hakimin əsas vaxta əlavə etdiyi 6-cı dəqiqədə Harri Keynlə hesabı bərabərləşdirib: Çelsi – Tottenhem 2:2. Beləliklə də bütün turnirləri nəzərə almaqla, son 5 oyunda “Çelsi”yə məğlub olan “Tottenhem” sindroma son qoyub. Bununla yanaşı, “hotspurlular” 6 oyundan sonra “zadəganlar”ın qapısına yol tapa bilib.
Turun digər oyununda isə 23 ildən sonra premyer liqada ev oyununa çıxan “Nottingem Forest” debütünü qələbə ilə qeyd edib. “Vest Hem”lə görüşdə meydan sahiblərinin  yeganə qoluna fasilə ərəfəsində Tayvo Avonyi imza atıb: Nottingem Forest – Vest Hem 1:0.

CANLI YAYIM