Güləşçilərimiz daha 7 medal qazanıb

12 Avqust, 10:30 Sosial mediada paylaşın:
İslam Həmrəyliyi oyunlarında güləşçilərimiz daha 7 medal əldə ediblər.
Qadın idmançılarımızdan Leyla Qurbanova özbəkistanlı Aktenqe Kenimjayeva ilə qarşılaşıb. Rəqibini 6:1 hesabilə məğlub edən təmsilçimiz qızıl medala sahib çıxıb. Əlavə edək ki, Leyla Qurbanova Bakıda keçirilən İslam Həmrəyliyi oyunlarında da fəxri kürsünün ən yüksək pilləsində qərarlaşmışdı. Finalda mübarizə aparan digər idmançımız Gözəl Zutova türkiyəli Buse Çavuşoğluna məğlub olaraq yarışı 2-ci pillədə başa vurub. İndoneziyalı rəqibini məğlub edən Tatyana Omelçenko isə bürünc medala yiyələnib.
Sərbəst güləşçilərimizdən 65 kq-da mübarizə aparan İslam Bazarqanov finalda özbəkistanlı Cahangirmirza Turabovla üz-üzə gəlib. İdmançımız 5-0 öndə olsa da bu hesabı qoruya bilməyib və gümüş medalla kifayətlənib. Əsgər Məmmədəliyev, Hacımurad Ömərov və Osman Nurməhəmmədov isə İslam Həmrəyliyi Oyunlarının bürünc medalına yiyələniblər. Beləliklə 2 yarış günü ərzində pəhləvanlarımız 4 qızıl, 4 gümüş və 5 bürünc medal əldə ediblər.

CANLI YAYIM