Mahir Emrelinin komandası da ÇL-in pley-offuna vəsiqə qazanıb

10 Avqust, 16:21 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində böyük maraq doğuran görüşlərdən biri Niderlandda PSV və “Monako” arasında olub. Xatırladaq ki, Fransada 1:1 hesabı qeydə alınmışdı. Eyndhovendə isə 4 qol vurulub.  21-ci dəqiqədə Coui Verman meydan sahiblərini önə çıxarıb. 1-ci hissə minimal hesabla başa çatıb. Fasilədən sonra qonaqlar vəziyyəti xeyirlərinə dəyişiblər. Gilyermo Maripan və Vissam Ben Yedder diqqət mərkəzinə düşüblər. Lakin vaxtın bitməsinə 1 dəqiqə qalmış Erik Qutyerres hesabı 2:2 edərək PSV-nin pley-ofa çıxmaq imkanını qoruyub. Beləliklə 2 oyunun yekununda hesab 3:3 olduğundan qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilib. 109-cu dəqiqədə Lyuk De Yonqun vurduğu qol Eyndhoven klubunu pley-ofa çıxarıb. PSV pley-ofda “Reyncers”lə qarşılaşacaq.
Mahir Emrelinin şərəfini qoruduğu “Dinamo” Zaqreb isə səfərdə 2:1 hesabilə məğlub etdiyi “Ludoqorets”lə bu dəfə Xorvatiyada görüşüb. Meydan sahibləri yenə qələbəyə seviniblər - 4:2. “Dinamo”nun heyətində Yosip Drmiç hesabı açıb. Mislav Orşiç dubl edib. Digər qolu isə Bruno Petkoviç vurub. “Ludoqorets”in heyətində qolların müəllifi isə Kiril Despodov olub. Maraqlıdır ki, Bolqarıstan klubu matçı 8 nəfərlə tamamlayıb. 2 oyunun yekununda 6:3 hesabilə üstün olan “Dinamo Zaqreb” pley-ofa vəsiqəni təmin edib. Mahir Emrelinin çıxış etdiyi kollektiv bu mərhələdə Bodo Qlimtlə görüşəcək.

CANLI YAYIM