"Qarabağ" "Ferentsvaroş"u adlayaraq ÇL-in pley-offuna vəsiqə qazanıb

10 Avqust, 11:00 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda təmsilçimiz “Qarabağ” Macarıstanın “Ferentsvaroş” komandası ilə üz-üzə gəlib.
“Qrupama” Stadionunda keçirilən görüşə Ağdam futbolçuları daha üstün başlayıb. Bu fəallıq 7-ci dəqiqədə nəticəsini verib. Müdafiəçilərin kobud səhvindən sonra Abdulla Zubir topu qapıdan keçirib. İlk hissədə bir neçə epizodda futbolçularımız fərqlənməyə yaxın olsalar da, hesab dəyişməyib. Fasilədən sonra təşəbbüsü əldən verməyən Qurban Qurbanovun yetirmələri fərqi artırıblar. Kadinin ötürməsini İbrahima Vadji qolla tamamlayıb. Çox keçmədən seneqallı futbolçu dubl edərək meydan sahiblərini 3-cü dəfə mərkəzə dəvət edib. 86-cı dəqiqədə “Ferentsvaroş” futbolçuları buraxılan toplardan birinin əvəzini çıxıb. Adama Traorenin vurduğu qol yalnız təsəlli olub. “Ferentsvaroş” – “Qarabağ” 1:3. Beləliklə, ümumi nəticədə rəqibini 4:2 hesabı ilə məğlub edən “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” Çexiyanın “Viktoriya” Plzen komandası ilə üz-üzə gələcək. İlk qarşılaşma avqustun 16-da Bakıda, cavab görüşü isə avqustun 23-də Çexiyada olacaq.

CANLI YAYIM