"Başakşəhər" qələbə qazandı, "Fənərbağça" xal itirdi

9 Avqust, 15:01 Sosial mediada paylaşın:
Türkiyə Çempionatının ilk turuna yekun vurulub. İstanbulun “Başakşəhər” klubu doğma meydanda şəhərin digər təmsilçisi “Kasımpaşa” ilə üz-üzə gəlib. İlk hissədə meydan sahibləri rəqib qapısından iki cavabsız top keçiriblər. 22-ci dəqiqədə Patrik Şişin ötürməsindən Daniel Aleksiç hesabı açıb. 37-ci dəqiqədə Şiş özü fərqlənərək qonaqları növbəti dəfə mərkəzə dəvət edib. Fasilədən sonra da üstünlüyünü qoruyan Emre Belözoğlunun yetirmələri daha 2 qol vurublar. 74-cü dəqiqədə Munir Şuyar, 3 dəqiqə sonra isə Deniz Türüç “Kasımpaşa”nın qapısına yol taparaq böyükhesablı qələbə qazanıblar. “Başakşəhər” – “Kasımpaşa” 4:0.
Günün sonuncu qarşılaşması da İstanbul şəhərində olub. Şəhərin iki klubu – “Fənərbağça” və Super Liqanın debütantı “Ümraniyəspor” “Şükrü Saracoğlu” stadionunda qarşılaşıblar. 20-ci dəqiqədə Enner Valensiya penaltini dəqiq yerinə yetirib. 10 dəqiqə sonra Tomislav Qlumats bərabərliyi təmin edib. İlk hissəyə artırılan dəqiqələrdə Valensiya özünün və komandasının ikinci qolunu vuraraq “Fənərbağça”nı irəli çıxarıb. Fasilədən sonra təşəbbüsə yiyələnən “Ümraniyəspor” Altay Bayındırın qoruduğu qapıya yol tapsa da VAR-a baxan hakim qolu qeydə almayıb. Ruhdan düşməyən qonaqlar 68-ci dəqiqədə tarazlığı yaratmağa nail olublar. Valentin George komandasını ümidləndirib. 5 dəqiqə sonra Ümraniyə təmsilçisi irəli çıxıb. Antonio Mrsiç penaltidən yararlanıb. Son dəqiqələrdə hesabda geri qalan meydan sahibləri məğlubiyyətdən son dəqiqələrdə xilas olub. İkinci hissəyə artırılan dəqiqələrdə Mergim Berişa “Fənərbağça”ya 1 xal qazandırıb. “Fənərbağça” – “Ümraniyəspor” 3:3.

CANLI YAYIM