MBA-da draft mərasimi keçirilib

24 İyun, 17:22 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasında yeni mövsüm üçün nəzərdə tutulan draft mərasimi keçirilib.
Nyu-Yorkun məşhur “Barklays Sentr” arenasında keçirilən mərasimdə basketbol həvəskarları maraqlı keçidlərin şahidi olub. Ötən mövsümü uğursuz keçirdiyinə görə “Orland Məcik” klubu ilk seçimi etmək hüuququnu qazanıb. Florida klubu “Dyuk” Universiteti komandasının forvardı Paolo Bankeronu ilk sıradan heyətincə cəlb edib. “Oklahoma Siti Tander” klubu ikinci sıradan “Qonzaqa”nın mərkəz oyunçusu Çet Holmqrenin transfer hüququna sahib çıxıb. “Obern” komandasının hücumçusu Cabari Smit isə 3-cü sıradan “Hyuston Rokets”ə qismət olub.  Onu da qeyd edək ki, bu dəfə draft mərasimində klublar ənənəvi olaraq 60 yox, 58 oyunçu seçib. Buna isə “Mayami Hit”lə “Miluoki Bəks”in transfer pəncərəsi zamanı qaydaları pozmasına görə   bir oyunçu draft etmək hüququnu itirməsi səbəb olub. Yeri gəlmişkən, draft mərasimindən sonra bəzi klublar növbəti oyunçu dəyişiklikləri ilə yadda qalıb. Günün ən yadda qalan transfer hadisəsi isə “Nyu-York Niks”in oyun qurucusu Kemba Uokeri “Detroyt Pistons”a göndərməsi olub. Onunla yanaşı Ceylon Düren də Miçiqan klubuna keçib. Əvəzində “Detroyt”  “Nyu-York”a 2025-ci ildə ilk raundda edəcəyi draft hüququnu verib.

CANLI YAYIM