Coşua iddialı, Usik təmkinlidir

23 İyun, 17:27 Sosial mediada paylaşın:
Avqustun 20-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində üz-üzə gələcək Aleksandr Usiklə Entoni Coşua döyüş üçün hazırlıqlarını davam etdirir.  Göz duelinə çıxan ağır çəkili boksçular mətbuat mətbuat nümayəndələrinin suallarını da cavablandırıb. Ötən döyüşdə məğlub olaraq kəmərlərini ukraynalı rəqibinə təhvil verən Entoni Coşua bu dəfə vəziyyəti öz xeyrinə dəyişəcəyinə ümid etdiyini söyləyib: “İlk döyüşdə Usik məndən üstün oldu. Bu məğlubiyyəti qəbul etməliyəm. Elə bu uğursuzluğa görə də məsuliyyət daşıyıram. Bəli, ötən ilin sentyabrında Usik məndən güclü idi. İndi isə vəziyyəti xeyrimə dəyişməliyəm. Mən geridönüşlərin kralıyam. Avqustun 20-də rinqdə şou yaradacağam”. 
Superağır çəkidə dünya çempionu olan ukraynalı boksçu Aleksandr Usik də titulunu qoruyacağına inandığını söyləyib: “Yenidən burada olduğuma görə xoşbəxtəm. Özünüz də yaxşı bilirsiniz ki, hazırda ölkəm ağır günlərini keçirir. Amma biz məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik. Heç vaxt gurultulu açıqlamalarımla diqqət çəkməmişəm. Mən sadəcə işimi yüksək səviyyədə məşq etməkdə görürəm. Döyüş gününə qədər də bu məşqlər davam edəcək. Daha sonra rinqə çıxıb azarkeşlərimi sevindirəcəyəm. Bilirsiniz ki, mənim xoşbəxtliyim çempionluq kəmərində yox, ailəm, uşaqlarım və əla komandamla bağlıdır”.
Xatırladaq ki, bu iki boksçu arasında ilk döyüş ötən ilin sentyabrın 25-də Londonun “Tottenhem” stadionunda keçirilmişdi. 12 raund davam edən döyüşdə hakimlərin yekdil rəyinə əsasən Usik Coşuanı məğlub edərək WBA Super, İBF, WBO və İBO kəmərlərinə sahib çıxmışdı.

CANLI YAYIM