"Ferrari" Azərbaycan Qran-prisindən əvvəl Mik Şumaxeri qoruyub

22 İyun, 17:19 Sosial mediada paylaşın:
7 qat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxerin Formula 1-də işləri heç də qaydasında getmir.
2020-ci ildə Formula 2-də çempion olduqdan sonra “Haas” komandasına keçən almaniyalı pilot bu komandanın rəhbərliyinin ümidlərini doğrultmur. Doğrudur, Amerika Birləşmiş Ştatlarını təmsil edən bu komanda da favoritlərdən sayılmır. Amma Mikin müntəzəm olaraq qəza vəziyyətləri yaradaraq yarışı tamamlaya bilməməsi “Haas” rəhbərliyini qane etmir. Bu günlərdə Almaniya mətbuatı maraqlı bir faktı aşkarlayıb. Berlin nəşrlərindən birinin yazdığına görə “Haas” rəhbərliyi Azərbaycan Qran-prisi ərəfəsində Mik Şumaxeri komandadan kənarlaşdırmaq istəyib. Daha doğrusu komandanın rəhbəri Günter Ştayner onu “Ferrari”nin ehtiyatda olan pilotu Antonio Covinatsi və ya öz sürücüləri Pyetro Fittipaldi ilə əvəzləmək istəyib. Amma “Haas”ın səhmlərinin bir hissəsini özündə cəmləşdirən “Ferrari” buna imkan verməyib. Beləliklə də atasının böyük uğurlar qazandığı İtaliya komandasının rəhbərliyinin qərarı sayəsində Mik “Haas”da mövqeyini qoruyub. Nəticədə paytaxtımızdakı yarışda 23 yaşlı pilot 14-cü yeri tutub. Ötən həftə Kanadada keçirilən təsnifat mərhələsində Şumaxer yarışa 6-cı yerdən başlamaq hüququ əldə etsə də, həlledici mərhələdə texniki problemlərdən yenə də mübarizəni yarımçıq dayandırıb. 

CANLI YAYIM