İrvinq "Bruklin"dən gedir, Harden "Filadelfiya"da qalır

21 İyun, 13:05 Sosial mediada paylaşın:
Ötən mövsüm MBA-da çempionluğa əsas namizədlərdən biri sayılsa da, “Bruklin Nets” azarkeşlərini sevindirə bilmədi. Pley-offun ilk mərhələsində “Boston Seltiks”ə uduzan klub mübarizəni erkən dayandırdı. Kevin Dürantın çıxış etdiyi komanda yeni mövsümdə daha iddialı çıxış etmək istəsə də, klubun düşərgəsindən gələn son xəbərlər heç də ürəkaçan deyil. Amerika mətbuatının məlumatına görə, klubun ulduzlarından biri olan Kayri İrvinq komandadan ayrılmaq istəyir. Rəhbərliklə yeni müqavilə şərtləri ilə bağlı razılığa gələ bilməyən oyun qurucusu başqa klublarla danışıqlar aparmağa hazırlaşır. Bəzi mənbələr isə Los Ancelesi təmsil edən “Leykers” və “Klippers” klublarının İrvinqlə maraqlandığını qeyd edir. Müqaviləyə əsasən, İrvinq iyunun 29-na qədər qərarını verməlidir.
Yeri gəlmişkən, mövsümün gedişində “Bruklin”dən ayrılaraq “Filadelfiya Sevetisiksers”ə keçən Ceyms Harden Pensilvaniya klubu ilə müqavilə müddətini yeniləyə bilər. 32 yaşlı ulduz basketbolçu rəhbərliyin təklifini qəbul etsə, sözləşmə daha 4 il müddətinə yenilənəcək. Bu da o deməkdir ki, Harden növbəti mövsüm 46,9 milyon dollar məvacib alacaq.  “Filadelfiya”dan ayrılana qədər isə Harden 233 milyon dollar qazanacaq.

CANLI YAYIM