Maks Ferstappen Kanada Qran-prisinin qalibi olub

20 İyun, 12:41 Sosial mediada paylaşın:
Formula 1 üzrə Kanada Qran-prisinə yekun vurulub.
Monreal şəhərində keçirilən mövsümün 9-cu Qran-prisində azarkeşlər maraqlı mübarizənin şahidi olub. Təsnifat mərhələsində hamıdan yaxşı nəticə göstərən Maks Ferstappen həlledici yarışda da rəqiblərinə heç bir şans verməyib. Doğrudur, “Red Bull” pilotu iki dəfə pit-stopa daxil olduğundan liderliyi əldən versə də, sonradan rəqiblərinin də eyni vəziyyətdən istifadə etməsinə görə üstünlüyünü geri qaytarıb. Beləliklə də, 70 dövrəni 1 saat 36 dəqiqə 26 saniyəyə qət edən hazırkı dünya çempionu bu mövsüm 6-cı, ümumilikdə isə 26-cı dəfə finiş xəttini birinci keçib. Ondan 0,9 saniyə geri qalan “Ferrari” pilotu Karlos Sayns ikinci yeri tutub. Yarışa 4-cü sıradan başlayan 7 qat dünya çempionu olan “Mersedes” sürücüsü Lüis Hemilton fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Yeri gəlmişkən, yarışa ikinci sıradan başlamaq imkanı əldən edən 2 qat dünya çempionu Fernando Alonso finiş xəttini 7-ci keçsə də, cərimələndiyinə görə 9-cu sıraya yuvarlanıb. Cəriməyə görə mübarizəyə son sıralardan qoşulan “Ferrari” pilotu Şarl Lekler isə 70 dövrə boyunca rəqiblərini geridə qoyaraq 5-ci yeri tutub. Qran-pri “Red Bull” pilotu Serxio Peres üçün uğursuz yekunlaşıb. Maks Ferstappenin komanda yoldaşı bolidindəki problemlərə görə yarışı tamamlaya bilməyib. Onunla yanaşı “Alfa Tauri”dən Yuki Tsunoda, “Haas”dan isə Mik Şumaxer finiş xəttini keçə bilməyib.
Şəxsi birinciliyə gəlincə, Ferstappen 175 xalla liderliyini möhkəmlədib. Onun 46 xal az toplayan komanda yoldaşı Serxio Peres ikinci, hesabında 126 xal olan Şarl Lekler isə 3-cüdür. Elə Mühəndislər Kubokuna da 304 xalla “Red Bull” başçılıq edir. 228 xal toplayan “Ferrari” 2-ci, 188 xalı olan “Mersedes” 3-cü yeri tutub. Növbəti yarış isə iyulun 3-də Böyük Britaniyanın əfsanəvi Silverstoun trasında keçiriləcək. 

CANLI YAYIM