"Ayntraxt" Avropa Liqasının qalibi oldu

19 May, 10:15 Sosial mediada paylaşın:
Avropa Liqasına İspaniyanın Sevilya şəhərində keçirilən final oyunu ilə yekun vurulub.
Həlledici qarşılaşmada “Ayntraxt” və “Reyncers” üz-üzə gəlib. Qeyd edək ki, Frakfurt klubu 42 ildən sonra avrokuboklarda finalda çıxış edib. Sonuncu dəfə 1980-ci ildə UEFA kubokunda final oynayan “Ayntaxt” həmin il fəxri mükafata sahib olmuşdu. Qlazqo təmsilçisi isə 14 ildən sonra avrokubokda final həyəcanı yaşayıb. 2008-ci ildə UEFA kubokunun həlledici görüşündə “Zenit”ə uduzan Şotlandiya klubu bu dəfə azarkeşlərini məyus edib. Oyunun ilk hissəsində hesab açılmayıb. 57-ci dəqiqədə Jo Aribo “Reyncers” azarkeşlərini coşdurub. Amma Qlazqo təmsilçisi üstünlüyünü qoruya bilməyib. 69-cu dəqiqədə Rafael Borre tarazlığı bərpa edib - 1:1. Görüşün əsas vaxtı bu hesabla yekunlaşıb. Komandalar qalibi müəyyənləşdirmək üçün əlavə yarımsaat oynamalı olublar. Tərəflər çox çalışsalar da, hesab dəyişməyib. Finalın taleyi penaltilər seriyasında müəyyənləşib. Burda isə Aron Remsinin fürsəti əldən verməsi həlledici olub. 5 zərbənin hamısını dəqiq yerinə yetirən “Ayntraxt” futbolçuları qalib gələrək fəxri mükafata sahib çıxıblar. Beləliklə Frankfurt klubu 42 ildən sonra avrokuboklarda qalib olub. “Ayntraxt” titul əldə etməklə yanaşı, həm də növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsində çıxış etmək hüququ qazanıb.

CANLI YAYIM