Bu gün Avropa Liqasının qalibi müəyyənləşəcək

18 May, 12:54 Sosial mediada paylaşın:
Avropa Liqasında çempionun adına bu gün aydınlıq gələcək. Final oyununda Frankfurt “Ayntraxt”ı  “Reyncers”lə üz-üzə gələcək.
Komandalar həlledici görüşə bir sıra itkilərlə çıxacaqlar. Almaniya təmsilçisi Martin Hintereqqer və Diyan Ramayın köməyindən yararlana bilməyəcək. Şotlandiya klubunun heyətində isə Yannis Haci, Filip Helander və Alfredo Morelos meydanda olmayacaq. Qarşılaşmadan əvvəl baş məşqçilər jurnalistlərin suallarını cavablandırıblar. “Ayntraxt”ın uğurları üçün çalışan Oliver Qlazner komandasının bu görüş üçün hazırlığından razı qaldığını deyib. O, rəqibin oyun tərzi barədə də fikirlərini bölüşüb: “Zənnimcə son illər Avroliqanın önəmi daha da artıb. Burada iştirak edən klubların nüfuzu da bunu deməyə əsas verir. Final matçı üçün çox çalışmışıq. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Bəzi ekspertlər bizi favorit saysa da bununla razılaşmazdım. Hər iki klub finalda oynamağa layiqdir. “Reyncers”in futbol fəlsəfəsini bəyənirəm. “Vest Hem” və “Barselona”da olan bəzi keyfiyyətlər məhz bu kubda cəmləşib. Onları məğlub etmək üçün yüksək performans lazımdır. Əla formadayıq və böyük həvəslə oynayacağıq.
“Reyncers”in baş məşqçisi Covanni van Brokhorst isə inamlı çıxışı ilə diqqət çəkib. Niderlandlı mütəxəssis azarkeş dəstəyinin nəticədə önəmli amil olacağını bildirib: “Klub tarixində Avropada 2-ci titulu qazanmağa çox yaxınıq. Bu fürsəti qaçırsaq çox məyus olaram. Amma meydana qalibiyyət üçün çıxacağıq. Görüş neytral arenada keçirilsə də azarkeşlərimizin dəstəyini hiss edəcəyik. Bu amil bizi daha inamla oynamağa sövq edəcək. “Ayntraxt” sürətli və texnikalı futbolçulardan ibarət heyətə malikdir. Çalışacağıq ki, kuboku Qlazqoya gətirək”.
Qeyd edək ki, İspaniyanın “Ramon Sançes Pisxuan” arenasında keçiriləcək “Ayntraxt” – “Reyncers” matçı Bakı vaxtilə 23-də başlanacaq. Görüşü sloveniyalı Slavko Vinçiçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

CANLI YAYIM