"Los Anceles Leykers" baş məşqçi axtarışlarını davam etdirir

4 May, 17:35 Sosial mediada paylaşın:
Bir ay əvvəl Frank Foqeli istefaya göndərən “Los Anceles Leykers” rəhbərliyi baş məşqçi axtarışını davam etdirir. Amerika mətbuatının məlumatına görə, Kaliforniya klubu “Yuta Cazz”ın baş məşqçisi Kuin Snayederin xidmətində maraqlıdır. Solt Leyk Siti klubunun pley-offda mübarizəni dayandırmasından sonra los anceleslilər 55 yaşlı mütəxəssislə danışıqlara başlamaq fikrindədir. Buna baxmayaraq, bəzi mənbələr Snayderin “Leykers”i çalışdırmaqda maraqlı olmadığını yazır. Onun əsas məqsədi Qreq Popoviçin gedişindən sonra fəaliyyətini “San Antonio Spörs”də davam etdirməkdir. “Leykers”in variantlarından biri də “Toronto Raptorz”nun baş məşqçisi Nik Nörsdür. İki il əvvəl Kanada təmsilçisi tarixində ilk dəfə MBA çempionu edən təcrübəli mütəxəssis bu haqda heç bir fikir səsləndirməsə də, klubun baş meneceri Masai Uciri kəskin açıqlamalarla yadda qalıb: “Heç bir komanda Nörsə görə bizimlə əlaqə saxlamayıb. “Leykers”in onu arzuladığı söylənilirsə, mən də çox şey arzulayıram. Mən də komandamda Lionel Messi ilə Kriştianu Ronaldunu görmək istəyirəm".
Yeri gəlmişkən, “Leykers”ə baş məşqçi axtarışında klubu 5 dəfə MBA çempionu edən Fil Cekson kömək edəcək.  Təcrübəli mütəxəssis klub funksionerlərinə öz variantlarını təklif edəcək və danışıqlar prosesində iştirak edəcək. Xatırladaq ki, Frenk Foqelin təyinatında Fil Cekson böyük pay sahibi olmuşdu.

CANLI YAYIM