"Neftçi" və "Murov" komandaları “Zəfər kuboku” turnirinin finalına yüksəliblər

23 Aprel, 11:05 Sosial mediada paylaşın:
Aprelin 22-də kişi voleybolçular arasında “Zəfər kuboku” turnirinə start verilib.
“Murov” voleybol klubunun idman zalında təşkil olunan kubok yarışının ilk matçı “Neftçi” və “MOİK” komandaları arasında olub.
Günün ilk qarşılaşmasında qalib 4 hissədə müəyyən edilib. İlk iki setdə (25:15, 27:16) qalib gələn “Neftçi” komandası üçüncü hissəni 20:25 hesabı ilə məğlub olsa da, dördüncü setdə 25:16 hesabı ilə qalib gələrək görüşün hesabını müəyyənləşdirib - 3:1.
Günün ikinci qarşılaşmasında “Murov” “Sərhədçi” ilə üz-üzə gəlib. Oyun meydan sahiblərinin 25:18 hesablı üstünlüyü ilə başlayıb. Sonrakı setlərdə də 25:15 və 25:13 hesabı ilə qalib gələn “Murov” matçı qələbə ilə başa vurub - 3:0.
Beləliklə, günün qalibləri “Neftçi” və “Murov” aprelin 23-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq final matçında münasibətlərinə aydınlıq gətirəcəklər. “Sərhədçi” və “MOİK” komandaları isə kubok yarışında mübarizəni dayandırıb.
Aprelin 23-də baş tutacaq kubok yarışının final oyununa saat 15:00-da start veriləcək. Ardınca isə “Zəfər kuboku”nda, Azərbaycanın Yüksək, Super, həmçinin I Liqa yarışlarında fərqlənənlərin mükafatlandırma mərasimi və 2021-22-ci il mövsümünün rəsmi bağlanış mərasimi baş tutacaq.

CANLI YAYIM