Bakıda akrobatika üzrə dünya çempionatının açılış mərasimi keçirilib

10 Mart, 11:15 Sosial mediada paylaşın:
Bakıda akrobatika gimnastikası üzrə XXVIII dünya çempionatının açılış mərasimi keçirilib.
Milli Gimnastika Arenasındakı tədbirdə gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov, Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe və digər şəxslər iştirak ediblər.
İlk olaraq iştirakçı ölkələrin bayraqları arenaya gətirilib. Daha sonra idmançı, məşqçi və hakimlər and içiblər. Azərbaycan təmsilçisi Ağasif Rəhimov idmançılar adından çıxış edib.
Tədbir iştirakçıları və idmançıları salamlayan nazir ölkədə idman siyasətinin Prezident İlham Əliyevin diqqətində olduğunu və uğurla həyata keçirildiyini söyləyib: "Müstəqil Azərbaycan tarixində bir sıra beynəlxalq turnirlər arasında gimnastika yarışları da ənənəyə çevrilib. Bədii gimnastika, aerobika, batut üzrə Avropa, dünya çempionatlarına ev sahibliyi etmişik. Ötən həftə akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları baş tutdu. Bu gün akrobatika üzrə mundiala start veririk. 20 il əvvəl Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra mövcud gimnastika növləri dirçəldi və digərləri də inkişaf etməyə başladı. Bu münasibətlərə Mehriban xanımı və federasiyanı təbrik edirəm. Tədbirin ərsəyə gəlməsində yerli Təşkilat Komitəsi və Beynəlxalq Gimnastika Federasiyası əlindən gələni edir. Yarış iştirakçılarına uğurlar arzu edirəm".
Vatanabe isə bildirib ki, qlobal pandemiyanın hökm sürdüyü və müharibə ilə üzləşən qitədə dünya çempionatının keçirilməsi böyük məsuliyyət olsa da, seçim şansları yoxdur: "Biz ciddi tədbirlərə riayət etməliyik. Bilirəm ki, bu, idmançılar və rəsmilər üçün daha çox təzyiqə səbəb olacaq. Lakin dosluq və həmrəyliyimizi bütün dünyaya nümayiş etdirəcəyinizə inanıram. Ümid edirəm ki, bütün insanların sağlam və sülh şəraitində yaşayacaqları gün tezliklə gələcək. Sonda yerli Təşkilat Komitəsinə, könüllülərə və bu tədbirin həyata keçirilməsində əməyi olanlara göstərdikləri səylərə görə səmimi qəlbdən minnətdarlığımı bildirirəm".
Martın 13-dək davam edəcək mundialda 17 ölkədən 170 idmançının iştirakı gözlənilir. Gimnastlar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə mübarizə aparacaqlar. Yarışda Azərbaycanı gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edəcəklər. Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli qüvvələrini sınayacaq.

CANLI YAYIM