"Dakar" marafonunda iki katrqoriyada lider dəyişib

12 Yanvar, 17:31 Sosial mediada paylaşın:
Səudiyyə Ərəbistanının Ciddə şəhərindən start götürən “Dakar” rallisi davam edir.
Yarışın 9-cu günündə motosikletçilərin mübarizəsi diqqət çəkib. “Honda” pilotu Xose İqnasio Kornexo Florimo  finiş xəttini 2 saat 29 dəqiqə 30 saniyəyə qət edərək fəxri kürsünün üst pilləsinə qalxıb.  Ondan 1 dəqiqə 26 saniyə geridə qalan KTM komandasının üzvü Kevin Benavides 2-ci yerə çıxıb.  “Honda”dan Riki Brabek isə 3-cü olub. Maraqlıdır ki, yarışı 4-cü pilllədə başa vuran KTM komandasının motosikletçisi Mattias Valkner ümumi sıralamada Sem Sanderlendi üstələyərək ilk pilləyə yüksəlib.
Minik avtomobillərinin pilotlarının yarışında “Toyota”nın üzvü Ciniel De Vilyers uğur qazanıb. O 2 saat 3 dəqiqə 49 saniyəlik nəticə ilə rəqiblərini qabaqlayıb.  Maraqlıdır ki, 2-3-cü yerləri də “Toyota” pilotları tutub. Liderdən 9 saniyə geridə qalan Henk Lateqan 2-ci, ümumi sıralamanın lideri Nasser Əl-Attiyə 3-cü olub.
Motosikletçilər arasındakı yarışda olduğu kimi, yük avtomobili pilotlarının mübarizəsi də gərginliyi ilə yadda qalıb. Məsələ ondadır ki, bu yarışdan sonra da ümumi sıralamada lider dəyişib.  Finişi 2 saat 38 dəqiqə 43 saniyəyə keçən “Kamaz” pilotu Eduard Nikolayev vahid liderliyi ələ keçirib.  Uzun müddət yarışın lideri olan Dmitri Sotnikov ondan 2 dəqiqə 34 saniyə geri qalaraq 2-ci olub.  “İveko”dan Martin Matsik isə 3-cü yerə sahib çıxıb.

CANLI YAYIM