"Dakar" ralli-marafonunun 7-ci günü geridə qalıb

10 Yanvar, 17:19 Sosial mediada paylaşın:
Səudiyyə Ərəbistanının Ciddə şəhərindən start götürən “Dakar” ralli marafonu davam edir.
Yarışın 7-ci günündə motosikletçilərin mübarizəsində Xose İqnasio Korenxo Florimo uğur qazanıb. “Honda”nın çilili pilotu 3 saat 28 dəqiqə 46 saniyəlik nəticə ilə finiş xəttini birinci keçib. KTM komandasından Kevin Benavides liderdən 44 saniyə geridə qalaraq 2-ci yeri tutub. “Honda”nın ispaniyalı pilotu Xoan Barreda 3-cü olub. Yeri gəlmişkən, motosikletçilərin ümumi sıralamasına “Yamaha” üzvü Adrien Van Beveren başçılıq edir.
Minik avtomobillərinin pilotlarının mübarizəsində isə ralli üzrə 9 qat dünya çempionu Sebastyan Löb pərəstişkarlarını sevindirib. Sonuncu dəfə yarışın 2-ci günündə qalib gələn BRX komandasının fransalı üzvü bu dəfə finiş xəttini 3 saat 9 dəqiqə 32 saniyəyə qət edib. Ondan 5 dəqiqə geri qalan “Toyota”dan olan əsas rəqibi Nasser Əl-Attiyə 2-ci, “Audi” pilotu Karlos Sayns 3-cü yerə çıxıb. Ümumi sıralamada isə Əl-Attiyə liderliyini qoruyur.
Yük avtomobillərinin pilotları arasında yarışda “Kamaz” sürücüləri növbəti dəfə məharətlərini göstərib. Buna baxmayaq, bu dəfə fəxri kürsünün hər 3 pilləsini Rusiya komandasının pilotları tuta bilməyib. Yarışı 3 saat 33 dəqiqə 17 saniyəyə başa vuran “Kamaz” pilotu Anton Şibalov ilk pilləyə yüksəlib. Finiş xəttini Şibalovdan 1 dəqiqə sonra keçən Eduard Nikolay 2-ci, “İveko”nun niderlandlı sürücüsü Martin Van den Brink 3-cü olub. Yarışı 5-ci sırada bitirməsinə baxmayaraq, “Kamaz”ın liderlərindən olan Dmitri Sotnikov ümumi sıralamada mövqeyini qoruyub.

CANLI YAYIM