UEFA Avropa liqasının lideri “Latsio” səfərdə “Ayaks”la üz-üzə gəlib.
12-ci dəqiqədə qonaqlar hesabı açıblar. Lum Çauna diqqət mərkəzinə düşüb. 2-ci yarının əvvəlində amsterdamlılar Bertran Traorenin qolu ilə hesabı bərabərləşdiriblər. Az sonra İtaliya təmsilçisi yenidən hesabda önə keçib. Fisayo Dele Başiru fərqlənib. Yekun nəticəni isə Pedro müəyyənləşdirib: “Ayaks” – “Latsio” 1:3. Roma klubu bu qələbə ilə xallarını 16-ya yüksəldib və yarış cədvəlində liderliyini davam etdirib. Ardıcıl 2 oyundur məğlub olan “Ayaks” 10 xalla 11-cidir.
“Reyncers” doğma meydanda “Tottenhem”i qəbul edib. İlk hissədə qapılara qol vurulmayıb. Hesab isə 47-ci dəqiqədə açılıb. Mərakeşli hücumçu Hamza İqaman fərqlənib. Qonaqların cavab qolu 75-ci dəqiqəyə təsadüf edib. Deyan Kulusevski tarazlığı bərpa edib. Görüş 1:1 hesabilə yekunlaşıb. 6 turdan sonra hər iki komandanın hesabında 11 xal var.