Misli Premyer Liqasında 16-cı tur başa çatıb.
Sonuncu qarşılaşma Tovuz şəhərində keçirilib. Burada yerli komanda öz meydanında “Şamaxı” futbolçuları ilə üz-üzə gəlib. Hesab 12-ci dəqiqədə açılıb. Belaci Pusi qonaqları irəli çıxarıb. Lakin çox keçmədən bərabərlik təmin olunub. Roderik Miller Tovuz klubunu ümidləndirib. Amma fasilə ərəfəsində meydan sahibləri qapılarında daha bir qol görüblər. Edqar Adilxanov dəqiq oynayıb. İkinci hissəyə daha inamlı başlayan “Turan Tovuz” futbolçuları hesabı xeyrinə dəyişməyə nail olublar. Saatın tamamında Aleks Serrano penaltini dəqiq yerinə yetirib. Əsas vaxta artırılan dəqiqələrdə isə Roderik Miller dubl müəllifi olub: “Turan Tovuz” – “Şamaxı” 3:2. Bu nəticə ilə “Turan Tovuz” 3-cü pillədəki mövqeyini qoruyub. “Şamaxı” isə 13 xalla 7-cidir. Çempionata 39 xalla “Araz Naxçıvan” başçılıq edir.