Misli Premyer Liqasının 16-cı turunda “Sumqayıt” doğma meydanda “Neftçi” ilə qarşılaşıb. Oyun qarşılıqlı hücumlarla başlayıb. Hesabı 20-ci dəqiqədə meydan sahibləri açıblar. Kamran Quliyev diqqət mərkəzinə düşüb. Fasilə ərəfəsində “Sumqayıt” futbolçuları daha bir qol vurublar. Bu dəfə Cordan Rezabala uzaq məsafədən topu qapıya göndərib. 2-ci yarıda hesab dəyişməyib və görüş “Sumqayıt”ın 2:0 hesablı qələbəsilə yekunlaşıb. Hesabında 19 xal olan “Sumqayıt” 6-cı pillədə qərarlaşıb. 6 xal geri qalan “Neftçi” 8-cidir.
Turun digər matçında “Zirə” “Kəpəz”in qapısından 4 cavabsız top keçirib. İlk yarıda Salifu Suma və Giorgi Papunaşvili fərqləniblər. 2-ci hissənin əvvəlində İsa Cibrila fərqi 3 topa çatdırıb. 73-cü dəqiqədə isə Elçin Əlicanov yekun nəticəni müəyyənləşdirib. Xallarının sayını 26-ya çatdıran “qartallar” inamlı qələbə ilə 4-cü pilləyə yüksəliblər. 10 xalı olan “Kəpəz” yalnız autsayder “Səbail”i 2 xal qabaqlayır. Yarış cədvəlinə 39 xalla “Araz Naxçıvan” başçılıq edir.