Basketbolçuların Avroliqa yarışında 14-cü tura start verilib.
“İdman TV” ilə yayımlanan matçda “Anadolu Efes” Kaunasda “Jalgiris”in qonağı olub. Türkiyə təmsilçisi bu oyunda imkanlarından aşağı səviyyədə çıxış edib. Xüsusən də İstanbul klubu ilk hissədə məhsuldarlıq planında problemlə üzləşib və fasiləyə 19 xal fərqilə geridə yollanıb. 3-cü peridoddan etibarən Tomislav Miyatoviçin komandası təşəbbüsü ələ alaraq fərqi 6 xala qədər endirsə də, məğlubiyyətdən xilas ola bilməyib: Jalgiris – Anadolu Efes 85:72. Görüşün ən məhsuldar oyunçusu Elayca Brayant olub. “Anadolu Efes”in oyun qurucusu meydanı 23 xalla tərk edib. Kanalımızda yayımlanan digər oyunda isə “Fənərbağça” İspaniya səfərində azarkeşlərini sevindirib. Son iki matçda uğursuzluq yaşayan İstanbul klubu “WiZink Center”də “Real Madrid”i 82:70 hesabı ilə məğlub edib. “Fənər”in heyətində 33 xal toplayan Naycel Heyes Devis komandasının qələbəsində böyük pay sahibi olub. Yeri gəlmişkən, “Real Madrid” bu mövsüm doğma meydanda “Anadolu Efes”ə də uduzub. “Barselona” isə turu qələbə ilə başa vurub. Katalonlar Belqradda Təl-Əviv “Makkabi”sindən üstün olub. Günün digər oyunlarına gəlincə, “Bayern” “Baskoniya”ya 94:80, “Partizan” isə turnirin hazırkı qalibi “Panatinaikos”a 91:73 hesabı ilə qalib gəlib.