“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununu keçirib.

Ağdam klubu Cəbəllütariqdə 2:0 hesabilə məğlub etdiyi “Linkoln”u bu dəfə Bakıda qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda hesab 17-cı dəqiqədə açılıb. Effektli əks-hücumu Juninyo dəqiq zərbəylə tamamlayıb. 31-ci dəqiqədə o, özünün və komandasının 2-ci qolunu vurub. Fasilə ərəfəsində isə het-trik edərək ilk hissənin qəhrəmanı olub. 2-ci yarıda da məzmun dəyişməyib. “Qarabağ” inamlı çıxışını davam etdirərək daha 2 qol vurub. 66-cı dəqiqədə Yasin Benziya dəqiq zərbəylə fərqi 4 topa çatdırıb. 72-ci dəqiqədə Leandro Andrade gözəl qol vuraraq yekun nəticəni müəyyənləşdirib. “Qarabağ” – “Linkoln” 5:0. Qurban Qurbanovun komandası 2 oyunun yekununa əsasən 7:0 hesabilə üstün olaraq UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yüksəlib. “Qarabağ”ın bu mərhələdə rəqibi “Ludoqorets” – “Dinamo” Minsk cütünün qalibi olacaq. Xatırladaq ki, İlk matçda Bolqarıstan klubu 2:0 hesabilə qələbə qazanıb.