Azərbaycan Kuboku turnirinin final oyunu keçirilib. Həlledici görüşdə “Qarabağ” və “Zirə” üz-üzə gəlib. Qarşılaşmadan əvvəl “Qarabağ”ın kapitanı Maksim Medvedevin karyerasını başa vurduğu açıqlanıb. Klub rəhbırliyi komandanın heyətində 18 il ərzində 552 oyun keçirən futbolçuya 552 nömrəli qarabağ forması xatirə hədiyyəsi təqdim edilib. Qeyd edək ki, Maksim Medvedev ölkə futbolu tarixində bir klubda ən çox oyuna çıxan futbolçudur.
Final qarşılaşmasına gəldikdə isə gözlənildiyi kimi ölkə çempionu ehtimalları doğruldub. Görüşdə hesab 1-ci hissənin sonunda açılıb. Juninyo “Qarabağ”ın ilk qolunu vurub. Ağdam klubu fasiləyə minimal hesablı üstünlüklə yollanıb. 2-ci hissədə “Zirə” futbolçuları tarazlığı bərpa etməyı nail olublar. İsmayil İbrahimli qapını dəqiq nişan alıb - 1:1. Amma cəmi 5 dəqiqə sonra “Qarabağ” yenidən hesabda önə keçib. Abdullah Zubir fərqlənib. Qalan vaxtda Zirə futbolçuları çox çalışsalar da məğlubiyyətdən xilas ola bilməyiblər. Beləliklə 2:1 hesablı qələbə qazanan “Qarabağ” ölkə çempionluğunun ardından kubokda da fəxri mümakafata sahib çıxmaqla mövsümü “qızıl dubl”la başa vurub. Tarixində 8-ci dəfə Azərbaycan Kubokuna yiyələnən Ağdam klubu bu göstəricidə özünəməxsus rekordu yeniləyib. Əlavə edək ki, komanda bu uğurun 6-nı məhz Qurban Qurbanovun baş məşqçiliyi ilə qazanıb.