Türkiyə Super Liqasının 37-ci turu İstanbul derbisi ilə əlmətdar olub. “Qalatasaray” doğma azarkeşləri önündə “Fənərbağça”nı qəbul edib. Son 17 turda qalib gələn “Cim Bom” bu matçda 1 xal qazansaydı çempionluğunu rəsmiləşdirəcəkdi. Amma derbiyə kimi bu arenada keçirdiyi 18 oyunun hamısında qələbə qazanan “Qalatasaray” futbolçuları seriyanı davam etdirə bilməyiblər. Hərçənd ki, “Fənərbağça” 21-ci dəqiqədən etibarən meydanda azlıqda qalıb. Aleksandr Ciku 2-ci dəfə sarı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyü əldə edən meydan sahibləri bundan yararlana bilməyiblər. Bu azmış kimi, 71-ci dəqiqədə “Fənərbağça”nın müdafiəçisi Çağlar Söyüncü hesabı açıb. Qalan vaxtda “Qalatsaray” futbolçuları çox çalışsalar da, məğlubiyyətdən xilas ola bilməyiblər. Belələliklə son tur ərəfəsində rəqibinin qələbələr seriyasını bitirərək derbidə üstün olan “Fənərbağça” xal fərqini 3-ə endirib. Mayın 26-da keçiriləcək sonuncu turda “Qalatasaray” səfərdə “Konyaspor”un qonağı olacaq. Fənərbağça” isə doğma arenada “İstanbulspor”u qəbul edəcək.