İspaniya La Liqasının 35-ci turunda “Barselona” “Luis Kompanis” Stadionunda “Real Sosyedad” komandası ilə görüşüb.
Çempionatın ikinci pilləsi uğrunda “Jirona” ilə başa-baş mübarizə aparan Kataloniya klubu azarkeşlərini sevindirib. İlk hissədə üstün oyunu ilə seçilən meydan sahibləri fasilə ərəfəsində hesabı açıb. Komandanın 16 yaşlı forvardı Lamin Yamal “Barselona”nı hesabda irəli çıxarıb. İkinci hissədə də təşəbbüsü əldən verməyən kataloniyalılar fərqi artırmağa nail olublar. Görüş ərzində dəfələrdə təhlükəli cəhdlərlə yadda qalan Rafinya nəhayət istəyinə nail olub. Braziliyalı hücumçu əsas vaxta artırılan 3-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək mübarizəyə nöqtə qoyub. “Barselona” – “Real Sosyedad” 2:0. Beləliklə, növbəti 3 xalı aktivinə yazdıran “Barselona” 76 xalla ikinciliyini qoruyur. Komandanın ən yaxın izləyicisi “Jirona” 1 xal az toplayaraq 3-cü pillədədir. 54 xalla 7-ci yerdə qərarlaşan “Real Sosyedad” isə Avroliqanın təsnifat mərhələsinə yollanmaq uğrunda mübarizə aparır. Qeyd edək ki, bir tur əvvəl 90 xalı olan “Real” Madrid çempionluğunu rəsmiləşdirmişdi.