İngiltərə Premyer Liqasında 37-ci turun mərkəzi qarşılaşması Mançesterdə olub.

“Old Trafford”da “Mançester Yunayted” prinsipial rəqiblərindən “Arsenal”ı qəbul edib. Londonda “Aston Villa”ya uduzandan sonra 4 oyundur ki qalib gələn “Arsenal” çətin səfər oyununda da azarkeşlərini sevindirib. Paytaxt təmsilçisi 1-ci hissədə vurduğu yeganə qolla qalib gəlib. Leandro Trossar qonaqlara minimal hesablı qələbə qazandırıb. Ardıcıl 5-ci görüşündə qalib gələn “Arsenal” yenidən “Mançester Siti”ni 1 xal qabaqlayaraq 86 xalla turnir cədvəlinin zirvəsinə yüksəlib. Qeyd edək ki, “Arsenal” son turda doğma arenada “Everton”u qəbul edəcək. “Mançester Siti”nin isə ehtiyatda 1 oyunu var. “Şəhərlilər” əvvəlcə 34-cü turdan təxirə salınmış qarşılaşmada Londonda “Tottenhem”in qonağı olacaqlar. Son turda isə doğma arenada digər paytaxt təmsilçisi “Vest Hem”lə üz-üzə gələcəklər. Əlavə edək ki, mövsümdə 14-cü dəfə uduzan “Mançester Yunayted” 54 xalla turnir cədvəlində 8-ci pillədədir.