Misli Premyer Liqasında “Sabah”ın qələbələr seriyası Qəbələdə başa çatıb. Son 4 oyununda qalib gələn komanda səfərdə autsayderlə bacarmayıb. Meydan sahibləri ilk hissədə vurduqları 2 qolla qalib gəliblər. Qəbələnin heyətində Əyyub Allaş və Klesio Bauk fərqlənib - 2:0. Beləliklə autsayder ardıcıl 2-ci qələbəsini qazanıb. Qeyd edək ki, 2-ci hissədə “Sabah”ın heyətində Davit Volkov qırmızı vərəqə ilə cəzalandırılıb. 34 tura 23 xal toplayan Qəbələ yarış cədvəlində sonuncu, 4 oyundan sonra uduzan “Sabah” isə 52 xalla 5-ci yerdədir.
Turun son oyunu Sumqayıtda keçirilib. Şəhərin eyni adlı komandası “Səbail”i qəbul edib. Bu görüşdə də meydan sahibləri 1-ci hissədə vurduqları 2 qolla qələbə qazanıblar. Hər iki halda Kasimir Ninqa qapını dəqiq nişan alıb. Fasilədən sonra qonaqlar yalnız buraxılan toplardan birinin əvəzini çıxa biliblər. Görüşün sonunda Aleksandr Ramalinqom yekun nəticəni müəyyənləşdirib. 2:1 hesabı ilə qalib gəlməklə xallarının sayını 54-ə çatdıran “Sumqayıt” turnir cədvəlində “Neftçi”ni 1 xal geridə qoyaraq 2-ci pilləyə yüksəlib. Ardıcıl 3-cü məğlubiyyəti ilə üzləşən “Səbail” isə 42 xalla 7-ci yerdədir.