Milli Basketbol Assosiasiyasında pley-off mərhələsinin növbəti oyunları keçirilib. Şərq konfransının yarımfinal seriyasının ikinci oyununda “Boston Seltiks”lə “Klivlend Kavalyers” üz-üzə gəlib. “TD Garden”də keçirilən ilk görüşdə rəqibini məğlub edən Boston basketbolçuları bu dəfə imkanlarından aşağı səviyyədə çıxış edib. Hərçənd ilk hissə bərabər mübarizə şəraitində keçib. Fasilədən sonra “Kavalyers”in ciddi təzyiqi ilə üzləşən “Seltiks” azarkeşlərini məyus edib. Xüsusən də meydan sahibləri 29 xal toplayan Donovan Mitçellin qarşısını kəsə bilməyib. Beləliklə də, “Boston”u 118:94 hesabı ilə məğlub edən “Klivlend” seriyada tarazlığı bərpa edib 1-1
“Oklahoma Siti Tander”lə “Dallas Maveriks” arasındakı Qərb konfransının yarımfinal seriyasında da eyni ssenari təkrarlanıb. İlk oyunda səfərdə “Oklahoma Siti”yə uduzan “Dallas” bu dəfə inamlı təsir bağışlayıb. Fasiləyə 6 xal fərqilə öndə yollanan “Maveriks” 3-cü bölümdə üstünlüyünü daha da möhkəmləndərib. Qonaqların heyətində dabl-dabl edən Luka Donçiçlə Pi-Cey Vaşinqton fəallığı ilə seçilib. 33 xalla görüşün ən məhsuldar oyunçusu olan “Oklahoma Siti”nin oyun qurucusu Şey Gilcess Aleksanderin əziyyəti isə bəhrə verməyib: Oklahoma Siti – Dallas 110:119. Beləliklə bu qələbə sayəsində “Dallas” seriyada hesabı bərabərləşdirib.