Misli Premyer Liqasında 23-cü turdan təxirə salınan 1 qarşılaşma keçirilib.
Yarış cədvəlinin lideri “Qarabağ” səfərdə “Qəbələ” futbolçuları ilə üz-üzə gəlib. Autsayderlə görüşdə aşkar üstün hesab edilən Ağdam klubu ilk hissədə hesabı açmaq üçün bir neçə epizodda təhlükə yaratsa da səyləri nəticə verməyib. Fasilədən sonra Qurban Qurbanovun yetirmələri tarazlığı pozublar. Adama Diakabi görüşdə vurulan ilk qolun müəllifi olub. Az sonra meydan sahibləri ikinci dəfə uğursuzlula üzləşiblər. Fares Abu Akel birbaşa qırmızı vərəqə ilə cəzalanıb. Çox keçmədən fərq artıb. Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. 65-ci dəqiqədə Nəriman Axundzadə 3-cü topu rəqib qapısından keçirib. Görüşdə son nöqtəni isə Marko Yankoviç qoyub. Görüş bu hesabla başa çatıb. “Qəbələ” – “Qarabağ” 0:4. Beləliklə də, xal hesabını 57-ə çatdıran “Qarabağ” ən yaxın rəqibi “Sumqayıt” və “Neftçi”ni 21 xal qabaqlayır. “Qəbələ” isə 15 xalla sonuncudur.