Türkiyə Kuboku uğrunda yarışın 1/4 final mərhələsində yarışın iddialılarından “Fənərbağça” paytaxtın “Ankaragücü” komandası ilə üz-üzə gəlib.

“Əryaman” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri aşkar üstünlüyü ilə seçilib. İlk hissədə “Ankaragücü” futbolçuları 2 qolla fərqləniblər. 10-cu dəqiqədə hesab açılıb. Olimpiu Morutan qonaqların qapısına yol tapıb. 33-cü dəqiqədə fərq iki topa yüksəlib. Anastasios Hadziyovanis yerli azarkeşləri sevindirib. Fasilədən sonra da kəskin hücumlarını davam etdirən Emre Belözoğlunun kollektivi görüşün sonuna yaxın daha bir qol vuraraq mübarizəyə nöqtə qoyub. Harri Rodrigeş yekun nəticəni müəyyənləşdirib. “Ankaragücü” – “Fənərbağça” 3:0. Beləcə ötənilki turnirin qalibi İstanbul klubu yarışla vidalaşıb. “Ankaragücü” isə ən güclü 4 komanda sırasına daxil olub. Paytaxt klubu yarımfinalda “Beşiktaş” - “Konyaspor” cütünün qalibi ilə üz-üzə gələcək.