Türkiyə Super Liqasında 19-cu tur yekunlaşıb. Liderlərdən “Fənərbağça” “İstanbulspor”un  qonağı olub. Qarşılaşma Cengiz Ünderin benefisinə çevrilib. O, 6-cı dəqiqədə “Fənərbağça”nın ilk qolunu vurub. 32-ci dəqiqədə Muammer Sarıkaya hesabı bərabərləşdirsə də, qonaqlar fasiləyə qədər yenidən üstünlük qazanıblar. Cengiz Ünder 10 dəqiqəyə het-trik edib, Edin Ceko da “İstanbulspor”un qapısına yol tapıb. Fasilədən sonra daha bir qol vuran Cengiz Ünder poker müəllifi olub. Qalan vaxtda komandalar fərqlənə bilməyib. Beləliklə “Fənərbağça” səfərdə “İstanbulspor”u 5:1 hesabilə məğlubiyyətə uğradıb.

Bu mövsüm də titul uğrunda mübarizə aparan çempion “Qalatasaray” öz meydanında “Konyaspor”a 3 cavabsız qolla qalib gəlib. Bütün qollar fasilədən sonra qeydə alınıb. 63-cü dəqiqədə Abdülkerim Bardakçı hesabı açıb. Vaxtın tamamında Vilfrid Zaha diqqət mərkəzinə düşüb. Əlavə olunan 3-cü dəqiqədə isə Bardakçı dubl edərək son nöqtəni qoyub. Hazırda həm “Fənərbağça”, həm də “Qalatasaray”ın hesabında 47 xal var. “Fənər” top fərqinə görə üstün olduğu üçün liderdir. “Trabzonspor” 33 xalla 3-cüdür.