UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu oyunları keçirilir. A qrupunda hər 2 matçda minimal hesab qeydə alınıb. “Bayern” Münxen” səfərdə “Mançester Yunayted”i Kinqsli Komandanın 70-ci dəqiqədə vurduğu qolla məğlub edib.

“Qalatasaray” isə “Parken”də “Kopenhagen”ə uduzub. 58-ci dəqiqədə Lukas Relager Danimarka klubunun yeganə qolunun müəllifi olub. Beləliklə 6 oyundan 16 xal toplayan “Bayern” Münxen A qrupundan lider kimi, “Kopenhagen” isə 8 xalla 2-ci yerdən pley-ofa yüksəlib. 5 xalla 3-cü olan “Qalatasaray” UEFA Avropa Liqasında çıxış edəcək. “Mançester Yunayted” isə 4 xalla sonuncu olaraq avrokuboklarla vidalaşıb.

B qrupunda həm “Arsenal”, həm də PSV-nin 1/8 finala yüksəldiyi məlum idi. Komandaların Eyndhovendə keçirilən oyununda qalib müəyyənləşməyib. 42-ci dəqiqədə qonaqlardan Eddi Nketiyanın vurduğu qola fasilədən sonra meydan sahiblərindən Yorbe Vertessen cavab verib: PSV-“Arsenal” 1:1.

“Lans” – “Sevilya” qarşılaşmasında isə UEFA Avropa Liqasında mübarizə aparacaq komandanın adına aydınlıq gəlib. 1-ci hissədə hesab açılmasa da, azarkeşlər fasilədən sonra 3 qol görüblər. 63-cü dəqiqədə Pşemıslav Frankovski qonaqların qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib. 79-cu dəqiqədə bu dəfə “Sevilya” “Lans”ın qapısına  penaltidən yol tapıb. Serxio Ramosun “Panenka zərbəsi” qarşısıalınmaz olub. Hamı oyunun heç-heçə bitəcəyini düşündüyü məqamda “Lans” 2-ci qolu vuraraq qələbəni təmin edib. 2-ci hissəyə artırılan 6-cı dəqiqədə Anjelo Füljeni mübarizəyə nöqtə qoyub: “Lans” – “Sevilya” 2:1. Beləliklə “Arsenal” 13 xalla lider kimi, PSV 9 xalla 2-ci sıranı tutaraq pley-ofda çıxış etmək hüququ qazanıb. 8 xalla 3-cü olan “Lans” UEFA Avropa Liqasında oynayacaq. 2 heç-heçədən sonra ardıcıl 4 oyunda uduzan “Sevilya” avrokuboklardan kənarda qalıb.