Bu gün xalqımız ulu öndər  Heydər Əliyevin anım günüdür.

Müstəqillik dövründə respublikamızın  bütün  sahələrdə inkişafı,  o cümlədən,  idmanımızın tərəqqisi ilk növbədə onun adı ilə  bağlıdır.   Məhz ümummilli  liderimizin  yenidən ölkə rəhbərliyinə  qayıdışından sonra  idmana  qayğı  dövlət   quruculuğu  siyasətinin  əsas  istiqamətlərindən biri seçildi.  Bu amil son  nəticədə Azərbaycana  dünya  miqyasında  idman ölkəsi kimi şöhrət  qazandırdı.   Heydər Əliyev idmanın inkişafına göstərdiyi qayğı ilə ölkədə gənclər arasında güclü, sağlam nəslin formalaşmasına nail olmaq istəyirdi.  Azərbaycan gəncliyinin həm fiziki, həm də  mənəvi sağlamlığı - ulu öndərin ən böyük arzularından idi. Bu sahədə onun müəyyənləşdirdiyi siyasət  ölkəmizin gələcək nailiyyətləri üçün  möhkəm təməl yaratdı.      Ümummilli liderin Azərbaycan idmanının inkişafında xidmətləri onun hələ respublikaya ilk rəhbərliyi dövründə başlanmışdı. İstər sovet dönəmində, istərsə də  müstəqillik illərində Heydər Əliyevin gərgin fəaliyyəti, zəngin təcrübəsi, ardıcıl və prinsipial mövqeyi idman sahəsində də möhtəşəm uğurlar qazanmağa yardımçı oldu.          

   Hələ keçmiş ittifaq dövründə qadın voleybolçu və həndbolçularımızın  SSRİ komandasında olimpiya çempionu olması,  güləş, avarçəkmə, şahmat,vaterpol,  boks, futbol  və digər növlərdə böyük uğurlar dahi öndərin idmanımıza xüsusi diqqət və marağının nəticəsi idi. O zaman idman veteranlarının        20-ci əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan  Heydər Əliyevin hakimiyyətə xilaskar qayıdışı, prezident seçilməsi sayəsində social həyatın bütün sahələrində  irəliləyişə nail oldu.Həmin dövrdə idmanımız  ümummilli liderin qayğısını xüsusilə hiss etdi. 1993-cü ilin  sentyabrında Beynəlxalq Olimpiya Komitəsinin Monakoda keçirilən sessiyasında Azərbaycan Milli Olimpiya Komitəsi rəsmən təşkilatın üzvlüyünə qəbul olundu. 1 il sonra  Gənclər və İdman nazirliyi yaradıldı. Dövlət başçısının təşəbbüsü ilə  ölkədə yeni idman bazaları quruldu. Mütəxəssislərin hazırlanması,  idmançılarımızın beynəlxalq yarışlarda iştirakı, respublikada mötəbər turnirlərin keçirilməsilə əlaqədar lazımi  tədbirlər görüldü. Dünyanın idman xadimləri etiraf edirlər ki, qısa bir müddət ərzində Azərbaycan idmanı az qala bir əsrlik inkişaf yolu keçdi.      İdman sahəsində ulu öndərin  islahatlarının nəticəsini çox gözləmək lazım gəlmədi.  Birləşmiş Ştatların Atlanta şəhərində Azərbaycanın müstəqil ölkə kimi iştirak etdiyi ilk yay olimpiadasında  güləşçimiz Namiq Abdullayev gümüş mükafata layiq görüldü.    

   1997-ci il iyulun 31-də İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkə idmanının inkişafını daha da intensivləşdirdi. Bu yenilik də ümummilli liderimizin  idman siyasətinin tərkib hissəsi idi. Bununla da Azərbaycanda idman hərəkatı daha geniş vüsət aldı.  Sidneydə  27-ci Yay olimpiya Oyunlarında  Azərbaycan atletlərindən  Zemfira Meftahəddinova və Namiq Abdullayev qızıl,  Vüqar Ələkbərov isə bürünc medal qazandı.   Olimpiya nailiyyətləri  respublikada idmanın inkişafına yeni təkan verdi. Müxtəlif bölgələrimizdə tikilən müasir idman qurğuları, məşq bazaları və olimpiya kompleksləri əhalinin kütləvi şəkildə sağlam həyat tərzinə cəlb olunmasına şərait yaratdı. Ulu öndər bu komplekslərin açılışında şəxsən iştirak edir,idmanın inkişafına marağını dönə-dönə təsdiqləyirdi.      Heydər Əliyev Azərbaycanda beynəlxalq yarışların  keçirilməsinə böyük əhəmiyyət verir, onları gənc nəslin idmana cəlb olunmasında mühüm vasitə sayırdı. Boks üzrə qitə və dünya birincilikləri, güləşçilərin Avropa çempionatı, bədii gimnastika üzrə dünya Kuboku və başqa mötəbər turnirlər respublikamızda böyük idman bayramlarına çevrilirdi. Komanda yarışları  arasında  qadın  voleybolçularımızın  qitə miqyasında ilk böyük qələbəsi də həmin dövrə təsadüf edir. Bütün bunlar ölkəmizdə böyük idman tədbirlərinin təşkili üzrə zəngin ənənələrin bünövrəsi sayılırdı.   

Heydər Əliyevin şah əsəri olan Azərbaycanın sosial həyatında, o cümlədən,idman aləmində növbəti  inkişaf mərhələsi açılır.Şəhər  və rayonlarımızda, eləcə də, işğaldan azad olunan doğma Qarabağımızda yeni idman qurğuları tikilir. Respublikamız  mötəbər yarışlara,dünya və qitə çempionatlarına yenə ev sahibliyi edir. İdmançılarımız mötəbər  yarışlarda fərqlənirlər.    Hər hansı bir ölkənin müstəqillik rəmzlərini idman qədər əks etdirən ikinci vasitə yoxdur, idman hər bir xalqın mədəniyyətinin hansı səviyyədə olduğunu göstərir  – bu müdrik kəlamlar Heydər Əliyevin qlobal inkişaf meyillərini əvvəlcədən görmək, öz ölkəsinin dünya birliyində yerini müəyyənləşdirmək bacarığının ifadəsi idi. Məhz ulu öndərin dühasının işığında nail olduğumuz  tərəqqi idmançılarımızı beynəlxalq miqyasda liderlər sırasında saxlayır. Sözsüz ki, prezident  İlham Əliyevin rəhbərliyilə Azərbaycanın  indən belə  qazanacağı uğurlar da ümummilli liderimizin  əsasını qoyduğu idman siyasətinin parlaq nəticələri   kimi tarixə yazılacaq.